Ərəstun Oruclu: Böyük siyasətin kiçik… keçidləri

Yaşadığımız dövrün böyük siyasətin cızıldığı tarixi dönəm olması yəqin ki, heç kəsdə şübhə doğurmur artıq. Əgər 2020-ci ilin 44 günlük savaşı ərəfəsində müharibə olacağı, onun qlobal proseslərin bir parçası olduğu, savaşın dəhlizlər uğrunda getdiyi barədə açıqlamalar bəzən etimadsızlıq, bəzən təəccüb, bəzən isə açıq istehza doğururdusa, bu gün həmin əhvaldan heç bir əsər-əlamət qalmayıb.

Cəmi iki ildə şüurlarda baş verən belə dəyişikliyin özü də yeni qlobal konstruksiyanın qurulması üçün zəruri olan təməllərdəndir. Başqa sözlə, istənilən yeni düzən insan təfəkkürünün məhsulu olmaqla yanaşı, həm də həmin təfəkkürü özünə uygun şəkildə formatlayan şəraitdir. Hal-hazırda baş verənlərdən biri də budur.

Ona görə ki, istənilən inqilabi texnoloji yenilənmənin istər önündə gedən səbəbi, istərsə də onun lokomotivi insan amilidir. İnsan amili isə yeni şəraiti yaratmaqla yanaşı, həm də özü ona uyğunlaşmalıdır. Həm bu, həm də digər səbəblərdən insan amilinin inkişafına xidmət edən şərtlər prioritet olmalıdır. Yəni, onun hüquqları, azadlıqları, təhsilı, sağlamlığı (səhiyyə) və s.

Amma bunların reallaşdırılması üçün də yenidən formatlama ilk növbədə idarəçilik sistemindən başlanmalıdır. Təfəkkür məhsulu olan idarəetmə sistemi kainatın ucqar nötələrinə aparmaqla yanaşı, mağaraya da qaytara bilər. Deməli, hər şey mağara təfəkkürünü kainat təfəkkürü ilə əvəzləməkdən başlanmalıdır.

Hər iki halın da bariz nümunələri göz önündədir: Rusiyanın tarixə (keçmişə) boylanan bugünkü imperialist iddiaları və Çinin son bir neçə onillik ərzində əldə etmiş olduğu ciddi texnoloji uğurlarının artıq nəzərə çarpmaqda olan geriləməsi məhz bu, iki ölkədəki idarəetmə sisteminin yenilənə bilməməsilə birbaşa bağlıdır.

Əvəzində isə “müqəddəs yeri” boş buraxmayan Yaponiya, Tayvan, Cənubi Koreya, Sinqapur kimi nəhənglər öz tarixi şanslarını əldən vermirlər. Bəli, nəhənglər, çünki (20-ci) atom əsrinin nəhəngləri atom silahına malik olan dövlətlər idisə, (21-ci) texnologiyalar əsrinin nəhəngləri bu sahədə irəli çıxanlar olacaq.

Texnologiyalar isə daha geniş, bəlkə də qeyri-məhdud inkişaf və deməli, həm də imkanlar deməkdir. 21-ci əsrdə texnologiyalar elə bir format təklif edəcək ki, onu bu gün bəlkə heç təsəvvür etmək də mümkün deyil. İstisna deyil ki, bu, hətta kütləvi qırğın silahlarını zərəsizləşdirmək gücündə olan texnoloji “antisilahların” meydana çıxmasına qədər davam etsin.

Yəni, minlərlə insanın milyardlarla vəsait hesabına illərlə çalışıb əldə etdiyi silahı bir qrup alimin yaratdığı texnologiyalar heçə endirəcək və bunun baş verməyəcəyini heç kəs iddia edə bilməz. Hətta elə bir dövr gələ bilər ki, əlindəki qorxunc silah başqasını təhdiddən çox özün üçün intihar təhlükəsinə çevrilər. Texnoloji inkişafın sayəsində əlbəttə.

Məsələn, cəmi 30 il əvvəl hər kəsdə təəccüb doğuran 300-500 qram çəkisi və cəmi 5-10 nömrəlik yaddaşı olan mobil telefonun yerinə gəlmiş 120-150 qramlıq və daxilində bütün ofisin yerləşdiyi android telefonlar kimi. Texnologiya qeyri-məhdud inkişaf, sərhədsiz imkanlar deməkdir. Texnologiyalar insan şüurunun məhsulu olmaqla yanaşı, həm də onun inkişafının hərəkətverici qüvvəsidir.

Ofis demişkən, gələcəyin ofisi də elə həmin telefon və ya başqa cür adlanan kiçik cihaz olacaq. Daha dəbdəbəli binalara, mebellərə, mühafizəçilərə, sürücülərə, katibələrə, lüks maşınlara ehtiyac qalmayacaq. Heç böyük müdirlərə də, onların topdağıtmaz kabinetlərinə də, bahalı maşınlarına da, milyonluq saatlarına da.

Sonunculara ehtiyac qalsa belə, hər bir halda onları yaradanlar həmin bahalı saatlarla, lüks maşınlarla qürrələnənlərdən, şəxsiyyətindəki boşluqları onlarla doldurmağa çalışanlardan azı bir addım (bəlkə də bir əsr) irəlidə olacaqlar. Özü də təkcə təfəkkürdə yox. Texnologiyalar əsrinin qaydaları, meyarları, standartları belə olacaq.

Onlara (texnologiyalara) aparan yol isə təhsildən başlayır. Ölkədəki təhsil sisteminin özünə gələ bilməsini gözləməyən on minlərlə gənc bu gün dünyanın ən müxtəlif ölkələrinin ali məktəblərində təhsil almaqdadır. Onların arasında da minlərlə texnologiyaları mənimsəyən gənclərimiz var. Bu gün bütün diqqət onlara yönəlməlidir.

Bu gün dövlətin başlıca vəzifəsi onları səfərbər edərək qaytarmaq olmalıdır, amma bu, əmrlərlə, sərəncamlarla, cibinə narkotik atmaqla əmələ gələcək iş deyil. Onlara başqa ölkələrdəkindən daha məqbul iş şəraiti və yaşam şərtləri təklif etmək, perspektivlərinə, gələcəklərinə inam və ən başlıcası da dövlətə güvən vermək lazımdır.

Amma bunun üçün ilk növbədə dövlətin özü dəyişməlidir. Novruzəlinin, Xudayar bəyin dövləti belə gənclik üçün cəlbedici olmayacaq, ola da bilməz və deməli, sabahdan gec olmayaraq dövlət növruzəlilərin, xudayarların əlindən alınmazsa gələcəkdə də onların dövləti olaraq qalacaq. Elə gələcəyin özü də onların olacaq. Onların gələcəyi isə bizim üçün qaranlıq keçmişimiz qalacaq.

Elə-belə yazdım, düşündüklərimi bölüşmək üçün.

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın