Ərəstun Oruclu: Azərbaycanda işgəncələr barədə (2-ci yazı)

 

Tərtər cəlladları işgəncələr tətbiq etmiş cinayətkarlar arasında yeganə qrupdur ki, onların az da olsa ictimai dəstəyi də var. İstər cinayət törədilən zaman, istərsə də sonralar ona müxtəlif uydurma əsaslarla xeyli bəraət qazandıranlar olub. Təəssüf ki, belələri bu gün də yağışdan sonra göbələk kimi peyda olmaqda davam edirlər.

Davamı:

Tərtər qətliamı zamanı törədilən qeyri-insani işgəncələrin əvvəlkilərdən bir neçə prinsipial fərqi var:
– kütləviliyi – eyni vaxtda azı 2 minədək hərbçimizin işgəncələrə məruz qalması;
– cinayətin qısa zaman kəsimində törədilməsi (təxminən ayyarım ərzində);
– çoxsaylı qətlə yetirmə hallarının olması;
– işgəncələrin xüsusi qəddarlıqla icra edilməsi;
– işgəncələr nəticəsində yüzlərlə insanın fiziki və psixi statusunun dönməz pozulması;
– işgəncələrin ordu strukturları tərəfindən icra edilməsi;
– cəmiyyətin bəzi kəsimlərində hələ də buna bəraət qazandırmaq cəhdlərinin olması.

Bunların arasında ən təhlükəlisi fikrimcə, sonuncu bənddir. Bəli, təəssüf ki, hətta bu gün də, törədilmiş Əsrin cinayətinin heç bir hüquqi (casusluq, dövlətə xəyanət və s.) əsasın olmadığı barədə yüzlərlə təkzibedilməz dəlillərin ortada olmasına rəğmən, Tərtər qətliamını əsaslandırmağa çalışanlar var.

Cinayətin əsas təşkilatçılarından olan Hərbi Prokurorluğun rəhbərliyi durmadan sifarişli yazılar dərc etdirməkdədir. Bunda başqa, sosial media platformalarında da ara-sıra “başqa necə sübut etməliydilər” kimi məqsədli və ya düşünülməmiş iddialar ortaya qoyulur. Bu isə faktiki olaraq gələcəkdə də eyni tipli cinayətlərin törədilməsinə motivasiya yaratmaqdır.

Bu yerdə bir məsələni xüsusilə qeyd etmək istərdim: işgəncələr ən çox onlara qarşı ictimai təpkinin olmaması nəticəsində davam etdirilir və getdikcə onların miqyası genişlənir. Təəssüf ki, istər bundan əvvəlki yazımda, istərsə də indi göstərdiyim kütləvi işgəncə halları heç vaxt adekvat ictimai təpki ilə üzləşməyib.

Digər tərəfdən də işgəncə faktlarının dövlət orqanları tərəfindən törədilməsi səbəbindən təhqiq olunmaması onların (işgəncələrin) ölkədə davamlı praktika xarakteri almasına yol açıb. Azərbaycanda işgəncələr adiləşib və ən təhlükəlisi də budur ki, onlar ictimai rəydə adiləşib. Bunun da səbəbləri arasında ən əsası əksər media resurslarının məsələyə yumşaq desək, biganə münasibətidir.

Əksəriyyəti müxtəlif dövlət və hakimiyyət strukturlarından tam asılı olan media vasitələrindən fərqli münasibət gözləmək də sadəlövhlük olardı. Təəssüf ki, belə münasibət isə faktiki işgəncələrin alqışlanması, işgəncə törədənlərin yeni və daha ağır cinayətlərə ruhlandırılmasıdır, çünki cəzasızlıq özbaşınalıq doğurur.

Odur ki, ölkənin hüquq-mühafizə orqanları (bu gün buraya ordu qurumlarını da əlavə etmək olar) tərəfindən törədilən işgəncələrin cəzasız və kəskin ictimai reaksiyadan kənar qalması təhlükəli presedent yaradıb.

İstintaq və təhqiqat orqanlarında peşəkarlığın, mədəni və ümumi intellektual səviyyənin kəskin şəkildə aşağı düşdüyü şəraitdə işgəncələr həmin orqanlarda sanki normal praktika kimi öz aktuallığını saxlayacaq.

Yaxın zamanlarda ölkədə dərin hüquqi və siyasi islahatlar aparılmazsa (bu da yüksək ehtimalla məhz belə olacaq), işgəncələrə qarşı mübarizənin yeganə effektiv vasitəsi kəskin ictimai reaksiyalar ola bilər ki, onlar da yalnız mütəşəkkil və davamlı olduqda gözlənilən effekti verə bilər.

Digər tərəfdən də ölkədə qanunların və dövlət institutlarının işləməməsi işgəncələrə qarşı ilk baxışdan daha bir effektiv mübarizə vasitəsi olan qisasçılığın geniş yayılmasına rəvac verə bilər ki, bu da təkcə yeni cinayətlərə deyil, həm də zəncirvari xarakter ala biləcək kütləvi qisasçılıq aktlarına yol aça bilər.

Bunun qarşısını almaq imkanları isə yalnız qanunun tətbiqini həyata keçirməli olan dövlət qurumlarının əlindədir ki, onlar da baş verən, daha doğrusu törətdikləri işgəncələrə susmağa israrla davam etməkdədilər.

Ərəstun Oruclu.

Bunu paylaş:

Bir cavab yazın