Ərəstun Oruclu: Azərbaycanda işgəncələr barədə (1-ci yazı)

 

Tərtər qətliamı zamanı işgəncələrin və vəhşiliklərin kütləvi tətbiqi Azərbaycan üçün yenilik deyil və ümumiyyətlə, ölkədə işgəncələr artıq çoxdan ayrı-ayrı hallar deyil, institusional xarakter alıb.
Başqa sözlərlə, 30 ilə yaxındır ki, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən işgəncələr adi sorğulama metodu kimi tətbiq olunur.

İnstitusionallığın başqa bir əlaməti də bir çox hüquq-mühafizə orqanlarında, xüsusilə də polis şöbələrində və cəzaçəkmə müəssisələrində xüsusi işgəncə alətlərinin, vasitələrinin və işgəncə otaqların mövcud olmasıdır. Bütün dünyada vəhşilik və insanlığa qarşı ağır cinayət kimi qəbul edilən işgəncələr Azərbaycanda nədən bu qədər adiləşib?

Bunun ilkin və əsas səbəbi ölkədə hüquq məkanının durmadan daralması və son nəticədə Azərbaycanın hüquq müstəvisindən tam kənara çıxmasıdır. İkinci səbəb bundan qaynaqlanan cəzasızlıqdır. Başqa bir səbəb hüquq-müdafiə institutlarının deqradasiyasıdır. Nəhayət, işgəncələrə lazımi ictimai reaksiyanın və təpkinin olmaması.

İstər 90-ci illərdə, istərsə də sonralar tətbiq olunan kütləvi işgəncələr təkcə əzab verməklə deyil, həm də insanların ləyaqətinin alçaldılması ilə xarakterizə olunub və olunmaqdadır. Bu mənada Azərbaycanda tətbiq olunmuş işgəncələr arasında həm miqyasına, həm də qəddarlıq dərəcəsinə görə Tərtər qətliamı zamanı törədilmiş vəhşiliklər özündən əvvəlkiləri kölgədə buraxıb.

Azərbaycanda işgəncələrə, hətta onların nəticəsində baş vermiş ölümlərə (yəni qətllərə) görə mühakimə olunanların sayı yox dərəcəsindədir. Bu yerdə haşiyə çıxım ki, Tərtərdəki işgəncələrə görə “mühakimələr” simvolik xarakter daşıyırdı və törədilmiş cinayəti birdəfəlik bağlamağa xidmət edirdi.

Elə olmasaydı törədilmiş qətllər özünü öldürmək həddinə çatdırmaq və ya ehtiyatsızlıqdan adam öldürmək maddələrilə rəsmiləşdirilməzdi və qatillər 3-5 il həbs cəzası ilə kifayətlənməzdilər. Bunların da hamısı məhkəmələr tərəfindən bu cür rəsmiləşdirilib. Məhkəmələrin bir günahı da (əslində isə cinayəti) işgəncə verilməsi ilə bağlı verilən vəsatətləri birmənalı şəkildə rədd etmələridir.

Ümumiyyətlə, Azərbaycandakı məhkəmə sistemi ən qatı cinayətkar yuvasıdır, çünki mövcud sistemin bütün cinayətlərinin ört-basdır edilməsilə yanaşı, saxta ittihamlar üzrə hökmlər çıxarılması da məhkəmələr tərəfindən həyata keçirilir. Onlar bu cinayətkar fəaliyyətlərilə bir çox cinayətlərin əsl günahkarlarının da məsuliyyətdən yayınmasına xidmət edirlər.

Azərbaycandakı səs-küylü qətllərin, cinayətlərin və hətta terror aktlarının açılmamasının da səbəbkarı məhkəmələrdir. Məsələn, ADNA terrorunun, Ziya Bünyadovun, Şəmsi Rəhimovun, Afiyəddin Cəlilovun, Rail Rzayevin və bir çoxlarının qətlinin açılmamasının birbaşa səbəbkarları müxtəlif məhkəmə instansiyalarıdır. Sadaladığım konkret hallarda isə Bakı Ağır Cinayətlər Məhkəməsi.

Çünki bütün bu cinayətlərdə günahsız şəxslər mühakimə olunublar və onları “istintaq” zamanı “vermiş olduqları” etiraf ifadələrinin qeyri-insani işgəncələr altında alınması barədə məhkəmələrdə qaldırdıqları vəsatətlərin hamısı rədd olunub. Odur ki, ölkədəki hakimlərin mütləq əksəriyyəti mühakimə olunmalı və gələcəkdə bütün sosial müavinətlərdən məhrum edilməlidir.

Ölkənin müstəqillik tarixində kütləvi işgəncələr ilk dəfə Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON işi) üzvlərinə qarşı tətbiq olunub.
1995-ci ilin martında OMON-a qarşı aparılan əməliyyatdan sonra yüzlərlə OMON döyüşçüsü və bir çox hallarda da paralel olaraq onların ailə üzvləri ağır, həm də alçaldıcı işgəncələrə məruz qalıblar.

Həmin işgəncələr Bakı Baş Polis İdarəsində və DİN-nin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində icra edilir, “istintaqa” nəzarət isə Baş Prokurorluq (Eldar Həsənov) və Bakı şəhər Prokurorluğu (Şükür Rzayev) həyata keçirirdi. Əslində isə işgəncələrə birbaşa bu qurumlar rəhbərlik edirdilər.

Həmin işdə kütləvi tətbiq edilən işgəncə növlərindən biri də OMON-çuların qadın ailə üzvlərinin girov götürülməsi iə zorlamaqla təhdid olunmaları di. Lakin bütün bu cinayətlərə görə də demək olar ki, heç kim cəzalandırılmadı. Bakı Baş Polis İdarəsi istintaq şöbəsinin rəisi polkovnik Adil İsmayılovun zorlama maddəsilə mühakimə edilməsinin əsl səbəbi onun Bakı şəhər prokuroru Şükür Rzayevlə şəxsi ədavəti olmuşdu.

OMON işində digər bir “cəzalandırılan”, Bakı şəhər prokurorunun müavini Layiq Mehdiyevin işdən qovulmasının səbəbi isə Respublika prokurorunun və Bakı şəhər prokurorunun almış olduqları milyonlarla rüşvətin özündən müştəbeh müavinin ayağına yazılması olmuşdu. Bu haqda OMON-la bağlı xüsusi yazımda daha ətraflı oxuya biləcəksiniz.

Digər bir kütləvi işgəncə Şəki şəhərində 2000-ci il parlament seçkilərinin saxtalaşdırılmasına müxalifətin etiraz aksiyasının iştirakçılarına qarşı tətbiq olunmuşdu. Bu halda da cəzalandırılan və müxtəlif müddətlərə həbs cəzası alanlar zərəçəkmişlər oldu. Ardınca 2003-cü ildə, prezident seçkilərinin saxtalaşdırılmasına etiraz edənlərə qarşı kütləvi işgəncələr tətbiq olunmuşdu.

Tərtər qətliamı zamanı tətbiq edilən işgəncələr isə həm miqyasına, həm də vəhşilik dərəcəsinə görə insan təxəyyülünün sərhədlərini belə aşıb keçmişdir. Həmin cinayətin təşkilatçıları və icraçıları isə əvvəllər də yazdığım kimi, nəinki cəzalandırılmamış, hətta vəzifədə və rütbədə böyüdülmüş, bir çoxları isə saxta əsaslarla orden və medallarla təltif olunmuşdur.

Tərtər cəlladları işgəncələr tətbiq etmiş cinayətkarlar arasında yeganə qrupdur ki, onların az da olsa ictimai dəstəyi də var. İstər cinayət törədilən zaman, istərsə də sonralar ona müxtəlif uydurma əsaslarla xeyli bəraət qazandıranlar olub. Təəssüf ki, belələri bu gün də yağışdan sonra göbələk kimi peyda olmaqda davam edirlər.

(davamı var)

Ərəstun Oruclu.

Bunu paylaş:

Bir cavab yazın