Ərəstun Oruclu: Azərbaycan Ordusu təkcə parlaq hərbi qələbə qazanmadı, həm də bununla tarix yazdı

Azərbaycan Ordusu təkcə xarici düşmənlə üz-üzə döyüş meydanında yaranmadı, həm də müxtəlif daxili düşmənlərdən qoruna-qoruna ayağa qalxdı. Bəlkə də dünyanın heç bir ordusu öz mövcudluğu dövründə bu qədər təxribatlara, xəyanətlərə, zərbələrə, sarsıntılara məruz qalmadı. Bəlkə də heç bir orduya qarşı belə qəddar, amansız, iyrənc cinayətlər törədilmədi.

Amma Ordumuz heç nəyə baxmayaraq əyilmədi, sarsılmadı, sınmadı, ruhdan düşmədi, Vətən tələb edəndə düşmənə diz çökdürdü. Azərbaycan Ordusu təkcə parlaq hərbi qələbə qazanmadı, həm də bununla tarix yazdı, mümkün olmayanı etdi. Azərbaycan Ordusu dünya hərb elminə yeni müharibə nümunəsi təqdim edi.

Azərbaycan Ordusu minlərlə şəhid verdi, onun on minlərlə qazısı işğalçıya qarşı savaşda canını-qanını fəda etdi, amma onun bircə fərarisi olmadı. Azərbaycan Ordusu təkcə torpaqları işğaldan deyil, hər birmizi qınaqdan, minnətdən xilas etdi. Azərbaycan Ordusu təkcə ölkənin ərazi bütövlüyünü deyil, xalqın qürurunu bərpa etdi.

Buna görə də hamımız ona borcluyuq, Ordumuzu döyüş meydanında məğlub edə bilməyən düşmənin onu içindən çökdürməyə çalışan məkrli törtöküntülərindən qorumalıyıq, ona uzanan əlləri kəsməliyik. Buna görə də hər birimiz əsgərlərimizin, gizirlərimizin, zabitlərimizin bütün qayğılarına səsimizi qaldırmalıyıq. Bu, da bizim şanlı Ordumuza borcumuzdur.

Bayramın mübarək, Müzəffər Ordumuz!
Dünya durduqca var olasan, əziz Azərbaycan Əsgəri!

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın