Ərəstun Oruclu: Artıq bu gün bir şeyi tam əminliklə demək olar

Artıq bu gün bir şeyi tam əminliklə demək olar ki, dövlət Tərtər qətliamının istintaqında və həmin cinayətin öz hüquqi qiymətini almasında maraqlı deyil. Burdan iki sual çıxa bilər:
1. Bunu əvvəlcədən bilmirdikmi?
2. O zaman təkrar “istintaq” niyə təyin olunurdu?

1. Əlbəttə bilirdik və elə təkrar “istintaq” təyin olunanda da demişdim ki, onun (istintaqın) ədalətli aparalacağına zərrə qədər də inamım yoxdur. Amma bunu da demişdim ki, Tərtər cinayəti özünün tam hüquqi qiymətini yalnız ictimai təzyiqin nəticəsində ala bilər və bu gün də həmin fikirdəyəm. Belə də olacaq!

2. Təkrar “istintaq” da elə həmin ictimai təzyiqi azaltmaq üçün insanlarda arxayınlıq yaratmağa yönəlmişdi. Amma gözlənilənin tam əksi oldu: atılan və imitasiya olunan bütün addımlara rəğmən cinayətin müzakirəsi nəinki səngimədi, əksinə, bir qədər də intensivləşdi və onun əhatə dairəsi genişləndi.

Bu isə hakimiyyətin qurduğu ssenarini pozdu və onun gözləntilərini puç etdi. Onda Tərtər qətliamını gündəmdə saxlayanlara qarşı repressiyalara start verildi və həmin qərar da ən yüksək siyasi səviyyədə qəbul olundu – İlham Əliyev tərəfindən. Elə olmasaydı repressiyaları həyata keçirən dövlət orqanları belə sinxron fəaliyyət göstərə bilməzdilər.

Hərbi Prokurorluq muzdlu “şəhid” ailəsi və ya “qaziləri” tapıb Tərtər qətliamını ifşa edənləri şərlədir, məhkəmə iş açır və görüntü üçün şikayətin predmetini “ekspertizaya” göndərir. “Ekspertiza” təhqir və ya böhtan olması haqda saxta rəy verir, “məhkəmə” də onun əsasında hökm çıxarır. Universal sxem üzrə gedir bütün proses.

Amma hakimiyyət ierarxiyasında mütəlif qurumlara daxil olan bütün bu instansiyalar heç bir halda vahid mərkəzdən idarə oluna bilməzlər. Bu, yalnız bircə halda mümkündür: həmin vahid mərkəz siyasi hakimiyyətin ən yüksək pillələri deyilsə. Belə də var və əvvəllər də belə olub. Elə Tərtərdə “əsrin cinayəti” törədiləndə də belə olub.

Amma təkcə onda yox, həm də Oqtay Gülalıyevə sui-qəsd ediləndə. Həmin cinayət də istintaq mərhələsində lazımi şəkildə ört-basdır edildi. Halbuki elə Oqtay Gulalıyevin ətrafına yerləşdirilmiş iki agenti (biri rəsmi orqanın – DTX-nın agenti, digəri isə cinayətkar generallarla əlaqəli olan) sorğulamaq cinayəti ifşa etmək üçün yetərli idi.

Elə onların telefon zənglərinin hesabatlarını nəzərdən keçirmək də bəs edərdi, amma bu da olmadı. Çünki olmalı deyildi. Amma elə bir cinayət yoxdur ki, arxasınca iz buraxmasın. Oqtay Gülalıyevə qarşı törədilən cinayətin isə onlarla izi, şahidi, sübutu var və zamanı gələndə onların hamısı üzə çıxacaq.

Bəs o “zaman” nə vaxt gələcək? Bu sualın cavabı isə bizdən asılıdır, çünki həmin zaman öz-özünə gəlməyəcək, onu biz gətirməliyik. Əvvəllər dediyim və yuxarıda da qeyd etdiyim kimi, ölkədə törədilmiş bütün cinayətlər yalnız bir halda açılacaq: biz xalq olaraq onların açılmasını istəyəndə və bunun üçün zəruri olan addımları atanda.

Ona kimi isə təqiblər, təzyiqlər, təhdidlər, cinayətlər, terror və qətliamlar davam edəcək, çünki dövlət faktiki olaraq cinayətkar çətə tərəfindən zəbt olunub. Qalır bunun özündə daşıdığı və hər bir insana yönələ biləcək təhlükəni dərk etmək, onun qarşısını almaq üçün zəruri olan addımları atmaq.

Hansı addımları? Bu haqda isə YouTube kanalımda ətraflı çıxışım olacaq.

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın