Ərəstun Oruclu: Amma bu yerdə, ölkənin Baş prokuroruna da bir sualım var

 

İlham Əliyev 15 erməni diversantı təhvil verməklə Ağdamın minalanmış ərazilərinin xəritələrini aldı və nə qədər çətin də olsa, mən də bunu alqışladım. Ona görə ki, həmin diversantların hamısının ömürlük həbsdə yatması da minaya düşə biləcək bircə azərbaycanlının dırnağına da dəyməz.

Amma bu yerdə ölkənin Baş prokuroruna da bir sualım var: prokurorluq həmin erməni diversantlara müxtəlif maddələrlə cinayət işi açmışdı və indi onlar Ermənistana təhvil veriləndən sonra həmin cinayət işinin taleyi necə oldu? Kamran Əliyevin qanun, hüquqi dövlət dediyi budur?

Bəli, İlham Əliyev Ağdam ərazisini minalardan qorumaq naminə 15 erməni diversantı azad etdi. Azad etdi ki, heç olmazsa bir rayonun ərazisində minalar partlamasın. Amma illərdir İlham Əliyevə Əsrin cinayəti nəticəsində şərlənərək tutulmuş günahsız 25 azərbaycanlı hərbçini azad etməsi barədə müraciət edirik.

Çox təəssüf ki, İlham Əliyev israrla bunu etmir. Görünür dövlət başçısı hələ tam anlamır ki, Tərtər qətliamı özü də elə minadır. Bir o fərqlə ki, ermənilərin bir rayonun altına yerləşdirdiyi yox, onun cinayətkar generallarının, prokurorlarının bütün ölkənin altına qoyduğu minadır.

Ərəstun Oruclu.

Bunu paylaş:

Bir cavab yazın