Ərəstun Oruclu: Amma bir sual hələ də açıq qalmaqdadır: işğaldan azad edilmiş ərazilərə oranın qanuni sakinlərinin köçürülməsi nə vaxta nəzərdə tutulur?

Qarabağın 1 il 8 ay əvvəl işğaldan azad edilmiş ərazilərində bu günədək aparılan “quruculuq işləri” çərçivəsində söhbət əsasən yolların, hava limanlarının, hotellərin, iaşə və digər biznes obyektlərinin tikintisindən gedir. Bundan başqa həmin ərazilərdən verilən məlumatlarda əkin işlərinin aparıldığı da deyilir.

Bu da deyilir ki, bütün işlərə 2-3 oliqarx nəzarət edir. Amma bir sual hələ də açıq qalmaqdadır: işğaldan azad edilmiş ərazilərə oranın qanuni sakinlərinin köçürülməsi nə vaxta nəzərdə tutulur? Ümumiyyətlə nəzərdə tutulursa, əlbəttə yoxsa tez-tez deyildiyi kimi həmin ərazilər yalnız turizmin inkişafina xidmət edəcək?

Ərazilərdə çalışan mütəxəssislərdən birinin dediyinə görə ən azı yaxın 2 il ərzində də insanların oraya kütləvi köçürülməsi gözlənilmir. Bu da inandırıcı görünür, çünki həmin ərazilərə köçürülməli olanlar əsasən kənd təsərrüfatı sahəsində çalışa bilərlər, torpaqlar isə dediyim kimi artıq 2-3 oliqarx arasında bölüşdürülüb.

Deməli, işğaldan azad olunmuş ərazilərdə məskunlaşdırılacaq insanların (bu, baş verərsə) yaxın perspektivdə yeganə şansı həmin oliqarxların zəbt etdiyi torpaqlarda yaradılan təsərrüfatlarda çalışmaq olacaq. Torpaqların artıq zəbt olunmasına və necə zəbt olunmasına gəldikdə isə əslində burda da vəziyyət qəlizdir.

Belə ki, həmin ərazilər işğal olunanda orada torpaqların özəlləşdirilməsi başa çatmamışdı və deməli, onlara torpaq payı verməmək üçün də tam qanuni əsaslar ola bilər. Qanunsuzluğu qanuna çevirənlərdən, Bakının mərkəzində insanları evindən didərgin salanlardan bunun əksini gözləmək sadəlövhlük olardı.

Bu da maraqlıdır ki, işğal olunmuş torpaqlara onların qanuni sakinlərinin qaytarılması və mülkiyyət hüququnun tanınması istiqamətində heç bir addım atılmır. Xüsusilə də təbii şəraiti turizm və əyləncə obyektləri üçün əlverişli olan kəndlərdə və şəhərlərdə.
Mövzuya qayıdacağam.

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın