Ərəstun Oruclu: Amma əmin deyiləm ki, elə həmin amerikalılar Rusiyanın Azərbaycandakı imkanlarının miqyasını dəqiq təsəvvür edirlər

Bütün əlamətləri ilə İyun çətin ay olacaq. Dərinləşən sosial-iqtisadi böhran, onun yaratdığı yoxsulluq, bunların aradan qaldırılması üçün addımlar atmaq istəyi olmayan hakimiyyətin iflic vəziyyətə düşməsi, bölgə ətrafında gedən geosiyasi mübarizənin kəskinləşməsi və digər amillər artıq öz sözünü deməkdədir.

Təəsüf ki, bütün bunlar yaxın gələcək üçün ümidverici heç nə vəd etmir. Başqa bir səbəb də Azərbaycanda hakim zümrənin istənilən səbəbdən qaynaqlanan etirazlara, tələblərə birmənalı zorakı münasibətidir.

Bu mənada ABŞ dövlət katibinin, ardınca da bu ölkənin prezidentinin demokratik islahatlar barədə xəbərdarlığı heç də təsadüfi deyil və əslində “zorakılıq etməyin!” xəbərdarlığıdır. Ona görə yox ki, bu etirazların arxasında Qərb dayanır.

Qərbin Azərbaycanda heç bir mütəşəkkil nəinki dayaqları, heç tərəfdaşları da yoxdur, xəbərdarlıq etməkdə məqsədi nə qədər paradoksal görünsə də İlham Əliyevin rejimini qorumaqdır. Bəli, ABŞ demək istədiyir ki, Rusiya iğtişaşlar təşkil edib səni zorakılığa çəkməyə çalışacaq.

Buna getmək isə həmin planda iştiraka imza atmaq olacaq. Nəticəsi də bəllidir. Amma əmin deyiləm ki, elə həmin amerikalılar Rusiyanın Azərbaycandakı imkanlarının miqyasını dəqiq təsəvvür edirlər, çünki bir çox hallarda təcrübə bunun tam əksini göstərir.

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın