Ərəstun Oruclu: ABŞ Rusiyadan neft idxalına embarqo tətbiq etdi

Ukraynaya hərbi təcavüzə cavab olaraq ABŞ Rusiyadan neft idxalına embarqo tətbiq etdi. Eyni addımı da Böyük Britaniya atdı. ABŞ-ın idxal etdiyi xam neftin cəmi 3,5% Rusiyanın payına düşür və bu, elə də böyük rəqəm deyil.

Amma ABŞ Rusiyadan təkcə xam neft idxal etmir. ABŞ-a idxal olunan böyük həcmdə yanacağın (əsasən benzinin) 21% Rusiyanın payına düşür. Embarqonun Rusiyadan yanacaq idxalına da tətbiq olunması hələ tam aydın deyil.

Bu da baş verərsə o zaman Rusiya iqtisadiyyatı ildə daha təxminən 12 mlrd dollar gəlirdən məhrum olacaq. Neft qiymətlərinin artması ABŞ-da və ABŞ-a ən çox yanacaq ixrac edən ölkə olan Kanadada benzinin qiymətinin son illərdə ən yüksək həddə çatmasına səbəb olub.

Odur ki, embarqonun Rusiyadan yanacaq (benzin) idxalına tətbiq olunmayacağı mümkündür, amma növbəti addımlar təkcə Şimali Amerika bazarında benzinin qiymətlərindən deyil, həm də Rusiyanın Ukraynadakı davranışından asılı olacaq.

Hətta bunlara da baxmayaraq, bir şey artıq aydındır ki, söhbət Rusiyaya sanksiyaların tətbiq edilməsindən daha çox onun təcrid olunmasından gedir. Bunun da mümkün nəticələrindən biri Moskvanın daha da aqressivləşərək konflikt coğrafiyasını genişləndirməsi ola bilər.

Enerji daşıyıcıları ixracının Rusiya iqtisadiyyatının önəmli hissəsini təşkil etdiyini nəzərə aldıqda isə Moskvanın onun ixracına alternativ ola sayılan enerji infrastrukturunu hədəfə ala biləcəyini ehtimal etmək olar.

Yəni, Rusiya alternativləri təhdid altına almaqla və ya fiziki olaraq sıradan çıxarmaqla Avropanın öz neftindən və xüsusilə də qazından asılılığını saxlamağa cəhd edə bilər.

Bu isə Rusiya enerji daşıyıcıları ixracına alternativ ola biləcək digər ölkələrin enerji daşıyıcıları infrastrukturunun hədəfə alınması deməkdir. Azərbaycan bu mənada təhdidlərə məruz qala biləcəyi ehtimal olunan ölkələrdəndir.

Ölkənin karbohidrogen ehtiyatları hasilatı əsasən Xəzər dənizi hövzəsində həyata keçirilir ki, bu da Azərbaycanın enerji daşıyıcıları hasilatı və nəqli infrastrukturunda ən həssas nöqtədir.

Xəzər dənizinin statusuna dair 12 avqust 2018-ci il tarixdə Aktau Konvensiyanın qəbulundan sonra Azərbaycanın əsas neft və qaz hasilatı yataqlarının yerləşdiyi ərazilər neytral sular sayılır.

Hərbi Prokurorluqla MN-yi rəhbərliyinin xəyanəti nəticəsində ölkənin HDQ-nin faktiki sıradan çıxarılması isə Xəzərdəki enerji infrastrukturunun təhlükəsizliyinin təmin olunması baxımından vəziyyəti bir qədər də qəlizləşdirmişdir.

Digər bir təhlükə zonası isə BTC neft kəmərinin və TANAP qaz kəmərinin keçdiyi ərazilərdə onların Ermənistan ərazisinə yaxın olduğu nöqtələrdir. Bu, ilk növbədə onların Tovuz rayonunun ərazisindən keçən hissədir.

Başqa bir həssas nöqtə də erməni separatçılarının qanunsuz yaraqlı dəstələrinin və onların tərəfdaşı olan Rusiya “sülhməramlılarının” nəzarət etdiyi ərazilərdir. İlk növbədə də Ağdərə və Tərtər rayonuna yaxın ərazilər.

Xatırladım ki, 44 günlük müharibə faktiki olaraq 2020-ci iyulunda Ermənistan ordusunun Tovuz istiqamətindəki təxribatı nəticəsində başlayaraq həmin ilin sentyabrında Tərtər istiqamətində genişmiqyaslı hərbi əməliyyatlara keçmişdi.

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın