Ərəstun Oruclu: 4 Qərb ölkəsinin mövqeyi Rusiyanın mövqeyilə tam üst-üstə düşüb

 

ATƏT-in Mİnsk Qrupunun həmsədr ölkələrinin səfirlərilə yanaşı Almaniya və Böyük Britaniya səfirlərinin də Şuşaya səfərdən imtina etməsi dərin mətləblərdən və xoşagəlməz tendensiyalardan xəbər verir. Maraqlıdır ki, bu məsələdə 4 Qərb ölkəsinin mövqeyi Rusiyanın mövqeyilə tam üst-üstə düşüb.

Məsələnin ən sadə izahı bu, olardı ki, həmsədr ölkələrin səfirlərinin Şuşaya səfərdən imtina etməsi bir növ tərəfsizlik nümayişi olub. Amma bu versiyanı heç sadəlövh insanların ən sadəlövhünə də həzm etdirə bilmək mümkünsüz görünür, çünki bu halda Britaniya və Almaniya səfirlərinin də kampaniyaya qoşulmasının səbəbi aydın olmur.

Üstəlik də Şuşaya səfərdən imtina edən elçilərin bəzilərinin bundan əvvəl Cəbrayıla və Ağdama səfər etmələri faktı olub. Belə alınmırmı ki, Almaniya xaric qalan 4-ü BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan “beşlik” Azərbaycana (elə həm də Ermənistana) Şuşa ilə bağlı nəsə mesaj vermək istəyir? Belədirsə, o zaman ciddi düşünməliyik.

Əgər bu ölkələr Şuşanın bugünkü statusunu mübahisələndirirlərsə, o zaman onların Azərbaycanın ərazi bütövlüyünü tanımaları haqda yayğın bəyanatları “beynəlxalq hüquq” tələbləri naminə nümayiş etdirilən riyakarlıqdan başqa bir şey deyil. Əslində isə münaqişənin həlli üçün məlum beşlik prioritet kimi Qarabağın statusu deyilən bəndi görür.

Başqa sözlərlə, Azərbaycanın Qarabağ bölgəsinin ermənilərin yaşadığı dağlıq hissəsinə hərhansı inzibati statusun verilməsi ilə yanaşı Şuşanın və Hadrutun da həmin inzibati vahidə daxil edilməsi. Bunun adı isə bütün riyakar bəyanatlara rəğmən Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmaması deməkdir.

Şübhəsiz ki, buna görə həmin 5 ölkənin Bakıdakı səfirliklərindən açıq, aydın və birmənalı mövqe istənilməlidir, amma Əliyev hakimiyyətinin yüksək ehtimalla bunu etməyəcəyini nəzərə alaraq, həmin tələbi müxalifət partiyaları, vətəndaş cəmiyyəti, ayrı-ayrı ictimai-siyasi xadimlər və ölkə mediası irəli sürməlidir.

Sadalanan beş ölkənin hər birinin səfirindən bir sualla konkret mövqe istənilməlidir: Azərbaycanın ərazi bötüvlüyünü tanıdığınızı dedikdə Qarabağda ermənilərin yaşadığı əraziləri də Azərbaycan ərazisi kimi nəzərdə tutursunuz ya yox? Sonrakı addımlarımız da bu sualın cavabına uyğun atılmalıdır.

Amma etiraf edək ki, baş verənlərdə təkcə həmin ölkələri günahlandırmaq natamam yanaşma və məsələnin digər səbəblərini görməzdən gəlmək olardı. Digər əsas səbəblər isə bunlardır:
– Azərbaycan hakimiyyətinin marionet davranışı və cəsarətsiz xarici siyasəti;

– Hakimiyyətin cəmiyyətə sayğısızlığı və ictimai rəyə etinasızlığı;
– Zamanında qorxaqlıq edərək torpaqları işğaldan tam azad etməmək;
– İkinci Qarabağ Müharibəsinin şəhidlərinə və qazilərinə hörmətsizlik;
– Cəmiyyətdə hökm sürən etinasızlıq, onun fəallığının aşağı səviyyədə olması, hakimiyyətdən bütün ümummilli məsələlərə dair müntəzəm hesabat tələb edilməməsi və s.

Başqa səbəbləri də göstərmək olardı, amma fikrimcə sadalananlar artıq kifayət edir ki, ayılaq və özünü qorumaq xatirinə ölkənin maraqlarını addımbaşı qurban verən sülalə hakimiyyətindən ən ciddi şəkildə izahat tələb edək. Unutmayaq ki, bu torpaqlar hansısa danışıqlar sayəsində deyil, şəhidlərin qanı bahasına qaytarılıb.

Ərəstun Oruclu.

Bunu paylaş:

Bir cavab yazın