Ərəstun Oruclu: 2016-cı ilin aprel döyüşlərində ciddi xəyanət faktları olub

 

2016-cı ilin aprel döyüşlərində ciddi xəyanət faktları olub və bunu hələ o zaman da xeyli insan danışırdı. Bu gün isə həmin xəyanətləri onların canlı şahidləri təsdiqləyirlər. Həmin döyüşlər zamanı ön cəbhədə olmuş xeyli zabit bu xəyanətləri xainlərin adları, xəyənətlərin tarixləri və mahiyyətinin detalları ilə danışırlar.

İstənilən dövlətdə həmin zabitlərin dedikləri ya ciddi təhqiqat predmeti olardı, ya da onlar yalana və böhtana görə məsuliyyətə cəlb edilərdilər. Bu insanların mövcud şəraitdə tam müdafiəsiz olduğunu nəzərə alsaq, onların məsuliyyətə cəlb edilməməsi dolayısı ilə sadalanan xəyanət faktlarının təsdiqi deməkdir.

Bu da aydınlaşır ki, aprel döyüşlərindən sonra Müdafiə naziri Zakir Həsənovun İlham Əliyevə guya əldə olunmuş hərbi uğurlar və azad olunmuş ərazilər haqda verdiyi raportlar elə İlham Əliyevlə görüş zamanı orta səviyyədə zabitlər tərəfindən təkzib olunmuşdu. Başqa sözlərlə, məlum olur ki, ölkənin Müdafiə naziri prezidenti aldadıb.

Bu mənada Baş Qərargah rəisi Nəcməddin Sadıkovun prezidentə həqiqəti söyləmiş həmin zabitləri “sən buna görə cavab verəcəksən” deyərək hədələməsi də dövlət başçısına bəlli olmalı idi. Amma maraqlıdır ki, bunun ardınca məlum Tərtər qətliamı törədilir və xəyanətin şahidi olmuş hərbçilərimizin hamısı işgəncə maşınından keçirilir.

Bunun ardınca cinayətin təşkilatçıları və iştirakçıları vəzifədə, rütbədə böyüdülərək, orden və medallarla təltif olunaraq mükafatlandırılırlar. Özü də böyük əksəriyyəti İlham Əliyevin sərəncam və fərmanları ilə. Deyək ki, həmin dövrdə (2016-2019) İlham Əliyevin onların xəyanətləri haqda məlumatı olmayıb.

Amma maraqlıdır ki, 2020-ci ilin sentyabrında başlayan müharibə dövründə qızğın döyüşlər getdiyi zaman (44-günlük müharibə) elə İlham Əliyevin şəxsən özü başda Zakir Həsənov və Nəcməddin Sadıkov olmaqla, onların böyük bir hissəsini hərbi əməliyyatlara rəhbərlik etməkdən kənarlaşdırır. Niyə, hansı səbəbdən?

Ümumiyyətlə, harada, hansı ölkədə görünüb ki, müharibə aparan dövlətin Müdafiə naziri və Baş Qərargah rəisi hərbi əməliyyatlardan kənarlaşdırılır və nəticədə… ordu qalib gəlir? Bu faktın özü ölkənin silahlı qüvvələrinə rəhbərlik eən iki əsas şəxsə bunu ən yumşaq şəkildə ifadə etsək, etimadsızlıq demək deyildimi?

2016-2018 illərə təsadüf edən onlarla videomaterialın, məqalənin, sənədin təhlili xəyanət faktlarını açıq şəkildə ortaya qoyur. Deyək ki, İlham Əliyev 2020-ci ilin sentaybrınadək xəyanət faktlarını bilməyib, amma 44-günlük müharibənin ilk günlərində orduya başçılıq edən iki əsas şəxsi kənarlaşdırmasından sonra bu iddia əhəmiyyətini itirir.

Amma yenə suallar qalır: sual qalır ki, döyüşlər zamanı onlara rəhbərlikdən kənarlaşdırılan Zakir Həsənov niyə yenidən öz postuna qaytarılır və rəhbərlik etmədiyi müharibədəki qələbəyə görə mükafatlandırılır? Niyə onun bacanağı, Tərtər qətliamında tibbi xidmətin cinayətlərdə iştirakını təmin etmiş Elxan İbarahimova tutduğu vəzifəyə uyğun olmasa da general-mayor rütbəsi verilir?

Xəyanəti haqda yüzlərlə (bəli, yüzlərlə) fakt olan Nəcməddin Sadıkov həbs olunmur, əksinə, evində oturub öz vasitəçinin əlilə Müdafiə Nazirliyində vəzifələr satmağa davam edir? Niyə Tərtərdə törədilmiş vəhşiliklərin ictimailəşdirilməsini orduya qarşı böhtan kampaniyası adlandıran general Kərim Vəliyev hələ də mühüm bir sahəyə rəhbərlik edir?

Niyə 2016-cı ilin aprel döyüşləri zamanı xəyanətlərin həyata keçirilməsində bilavasitə iştirak etmiş Hikmət Həsənov və onun yaxın qohumu Məhərrəm Həsənov hələ də öz vəzifələrində qalmaqdadılar? Niyə orduya qarşı çoxsaylı cinayətlərin təşkilatçısı olmuş və bu gün də həmin pozucu fəaliyyətini davam etdirən Xanlar Vəliyev hələ də ölkənin hərbi prokurorudur?

Tərtər qətliamında törədilmiş vəhşiliklərə biləvasitə rəhbərlik etmiş Baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubov, MN-nin keçmiş Baş İdarə rəisi Ramil Əsgərov, keçmiş SAT komandiri Cəfər Seyidov və bütün bu cinayətlərə biləvasitə rəhbərlik etmiş keçmiş baş prokuror Zakir Qaralov hələ də həbs olunmayıblar?

44-günlük müharibə zamanı orduya heç bir aidiyyatı olmayan, keçmişi ləkəli və xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən şəxslər hərbi əməliyyatlara cəlb niyə olunublar? Buna qəraı kim(lər) verib? Onların rəhbərlik etdikləri sahələrdə baş vermiş uğursuzluqlar, çoxsaylı insan itkiləri niyə bu günədək hələ də araşdırılmayıb?

Suallar çoxdur, amma cavab yoxdur, çünki hakimiyyət israrla susur. Susur və susduqca da bizi daha ilginc faktları ictimailəşdirməyə məcbur edir.
Nə deyirik, olsun. İşimiz davam edir və davam edəcək.

Ərəstun Oruclu.

Bunu paylaş:

Bir cavab yazın