Ərəstun Oruclu: «Ищите Большого мингрела»

«Ищите Большого мингрела» və ya bütün cinayətlərin izləri kimə aparır.

Bilənlər bilir, unudanlar üçün isə xatırladım ki, tarixi kəlama çevrilmiş «Ищите Большого мингрела» (Böyük minqreli axtarın) ifadəsi bütün dövrlərin və bütün xalqların rəhbəri olmuş İosif Stalinə məxsusdur. Tapşırıq-kəlam SSRİ tarixinin Stalin dövrünün son illərinə təsadüf edən böyük cinayət işinin istintaqı zamanı yaranıb.

1951-ci ilin noyabrında Stalinin tapşırığı ilə SSRİ Təhlükəsizlik Nazirliyi tarixdə “Minqrel işi” kimi qalmış təhqiqata başlayır. Rəhbərin şəxsi nəzarəti altında aparılan təhqiqatın elə ilk günlərində Gürcüstün SSR-in partiya, prokurorluq, daxili işlər və s. orqanlarında yüksək vəzifələr tutan 500-dək minqrel (və ya meqrel) həbs olunur.

Onlar xarici kəşfiyyatların tapşırığı ilə pozuculuqda və xüsusilə də Gürcüstan SSR-in Sovet İttifaqından qoparılmasına cəhddə ittiham olunmuşdurlar. Elə həmin səbəbdən də istintaqın gedişi Rəhbərə şəxsən məruzə olunurdu və Stalin də hər dəfə müstəntiqlərə «Ищите Большого мингрела» deyirmiş.

Söhbətin şübhəsiz ki, həmin dövrün Sovet ierarxiyasında ən əzəmətli fiqurlardan olan Lavrentiy Beriyadan getdiyini hər kəs anlasa da, amma heç kim (hətta Stalin də) konkret ad çəkmirmiş. Müstəntiqlər isə sanki bunu anlamırlarmış kimi istintaqı davam etdirirlərmiş. Bu da təbiidir, Beriyanın adını çəkmək “Dövlət təminatı” tələb edirdi.

Sonda “Minqrel işi” Stalinin ölümü səbəbindən bağlanır, amma artıq yeni rəhbər Nikita Xruşşovun dövründə Beriya güllələndikdən sonra yenə təzələnir və həmin insanlar yenidən həbs olunurlar, onlardan bir neçəsi də güllələnir. Özü də minqrel olan Beriyanın tərəfdarları (və ya cinayət şərikləri) kimi.

Stalin nə dediyini yaxşı bilirdi, amma işin icraçıları da Lavrentiyə əl uzatmağın nəticəsinin necə ola biləcəyini də anlayırdılar. Axı artıq o zaman təkcə Kreml dairələrində deyil, elə müxtəlif dövlət qurumlarının orta səviyyələrində də hər kəs qocalmış Rəhbərin davamçısının Lavrentiy Beriya ola biləcəyini ehtimal edirdi.

Bunu niyə yazdım? Ona görə ki, bizim ölkədə bir-birinin ardınca baş verən qanlı cinayətlər, qalmaqallar, ictimai rəyi titrədən olaylar süpürgəçinin və ya gözətçinin, uzaqbaşı da sürücünün cəzalandırılmasından o yana keçmir. Halbuki, bütün bunlara birdəfəlik son verməyin yolu bizim “böyük minqreli” axtarmaqdadır.

Onu isə axtarmağa ehtiyac yoxdur: rahat oturub evində və özü Bakıda, uşaqları isə Avropada xalqın canı, qanı bahasına əldə olunmuş oğurluq sərvətləri idarə edirlər. Eldar Mahmudovu deyirəm. Elmar Hüseynovun qətlindən tutmuş hələ xeyli davam edəcək seks-video qalmaqallarınadək son 20 ilə yaxın dövrdə baş verənlərin hamısının izi “bizim böyük minqrelə” aparır.

Tələb olunan da onu istintaqa cəlb etmək üçün zəruri olan rəhmətlik Yaşar Nuri dediyi kimi “Dövlət təminatıdır”. Bu isə hələ heç üfüqdə də görünmür və belə getsə heç vaxt görünməyəcək də. Deməli, ölkə də ən ağlasığmaz cinayətlərin ifşaları və müxtəlif “kompromatların” siz(dırıl)maları ilə çalxalanmaqda davam edəcək.

P.S.: Eldar Mahmudov kimi aşağı bir məxluqu Lavrentiy Beriya ilə müqayisə etmək fikrindən çox uzağam. Bu gün totaıitarizm tarixi sahəsində çalışan bir çox tanınmış simalar belə Beriyanın birmənalı neqativ dəyərləndirilməsini qəbul etmirlər və hətta onun daha çox müsbət cəhətlərinin olduğunu da iddia edirlər.

Amma hər ikisinin oxşar bir “vərdişi” olub əlbəttə: hamıya, hətta ən yaxın adamlarına qarşı “kompromat” toplamaq. Bir çox tarixçilərin iddialarına inansaq, “Böyük minqrel” elə bunun güdazına gedib. Çünki onun aradan götürülməsi “kompromat” qurbanlarından tutmuş Beriyanın cinayət şəriklərinədək hamının marağında olmuşdu.

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın