Ərəstun Oruclu: Əzrayılın xəbərdarlığı və Böyük Absurdistan quruculuğu

Absurdistan: bu sözü bir qədər yaşlı nəsil yaxşı xatırlayar. Bu adla 90-ların sonu – 2000-lərin əvvəllərində tez-tez gözəl ölkəmizi adlandırırdıq. Yerli, doğma mediamız da beləcə yazırdı və özü də məmləkətimizdə baş verənlərə görə. Bu gün unudulmaqda olan həmin dəqiq coğrafi termin yenidən israrla özünü xatırlatmaqdadır.

Termin demək deyəsən, bir qədər yüngül oldu, çünki əslində o, təfəkkür və həyat tərzidir, düşüncədir, baxışdır. Görünür, ingilisdilli media da ancaq siyasi korrekt görünmək xatirinə “Stan countries” (stan ölkələri) kəlməsinə müraciət edir. Absurdistan yazmamaq və Absurdistan coğrafiyasında yaşayanların qəlbinə dəyməmək üçün.

Amma bununla heç nə dəyişmir, çünki təfəkkür, düşüncə (bunları “” arasında da oxuya, yaza bilərik) israrla dəyişmir. Ona görə də və ya ona görə ki, (səbəb də ola bilər, nəticə də, fərqi yoxdur) israrla ən qeyri-rasional, ən səmərəsiz, ən absurd olandan yapışır. Ən, ən, ən olanlardan biri də xülyalarında yaratdığını reallıqda “qurmaqdır”.

Amma bundan da absurd olanı var: öz xülyalarında qurduqlarına inanmaq. Özü də onların ən absurd olanlarına. Halbuki, tarix bunu etməmək üçün dəfələrlə ağır dərslər verib, amma görünür, həmin dərsləri ötürənlər, dərslərdən qaçanlar da az olmayıb. Ona görə də dərsləri təkrar keçmək lazım gəlir. Amma bu da bəzən kömək etmir, çünki keçmək azdır, öyrənmək lazımdır.

Bu isə başqa bir problemdir, elə ona görə də demokratlarsız demokratiyanı, iqtisadi münasibətlərsiz çiçəklənən iqtisadiyyatı, azadlıqlarsız hüquqi dövləti, məhkəmələrsiz qanunun aliliyini qurub indi də keçmişik Böyük Turanı qurmağa. İnanıram ki, onu da quracağıq. Sadaladıqlarımı qurduğumuz kimi.

Kimlə? Qurbanqulu və ya onun oğlu Sərdarla, Tokayevlə, Nazarbayevlə və ya onun ailə üzvlərilə, Mirziyoyevlə və hələ sadalamadığım minlərlə, milyonlarla onlar kimilərilə. Elə lap İlham Əliyevlə, Cahangir Əsgərovla. Niyə də yox?! İndi icazənizlə keçək mətləbə.

Yanvarda Qazaxıstan olayları baş verdi. Bilirdik ki, olacaqdı və bir ay əvvəldən də demişdik. Sonra özümüzü öldürməyə başladıq ki, indi növbə Özbəkistanın və ardınca da Azərbaycanındır. Demişdik, amma reaksiyalar həmişəki kimi oldu: bir qismi ciddiyə almadı, başqa bir hissə özünü qaldırmaq üçün aşağılamağa çalışdı, üçüncülər güldülər və s.

Anlaşılandır, çünki Böyük Turan qurmaq kimi nəhəng bir tarixi-geosiyasi layihələrlə məşğul olanlar üçün bunların hamısı xırda məsələlər kimi görünür. Hətta küçələrinin zirzibilini yığa bilməməkdən də kiçik… Əsas geosiyasətdir, onu bacarırsansa, qalanları xırda-xuruş işlərdir.

Artıq Özbəkistanın növbəsi çatdı… Böyük Turanın bir xalqının hakimiyyəti digər Böyük Turan xalqının nümayəndələrini gülləbaran etdi ki, öz hakimiyyətinin ömrünü uzatsın. Əsas budur, yoxsa Turanı kim quracaq!? Məlum sovet lətifəsində deyildiyi kimi:
– Vətəni sevirsən?
– Sevirəm, əlbəttə!
– Bəs onun üçün ölməyə hazırsan?
– Yox, əlbəttə!
– Niyə?
– Mən ölsəm Vətəni kim sevəcək bəs?

Eynilə qurbanqulular hakimiyyətdə qalmazsa Böyük Turanı kim quracaq bəs? Amma… Amma burda da balaca bir əmma var: qurbanquluların, mirziyayevlərin, nazarbayevlərin, əliyevlərin, tokayevlərin və bütün qalan …yevlərin qurduğu Böyük Absurdustan ola bilər. Ona görə ki, sürünmək üçün doğulmuşlar uça bilməzlər.

Ona görə ki, təfəkkürü Absurdistan olanlar Böyük Turan qura bilməzlər. Təfəkkürü bir yana, hətta özünüqoruma instinkti belə pullanıb-piylənib kütləşənlər “kar-kərən” məsələsindən kənara çıxa bilməzlər.
Bu gün çox əziz bir dostum Əzryılın xəbərdarlığını xatırlatdı:

“Biri Əzrayılla aralarında olan anlaşmanı xatırladıb ona gəlməzdən əvvəl xəbərdarlıq edəcəyini irad tutanda Əzrayıl cavab verir ki, ay axmaq, sağındakını-solundakını, irəlidəkini-geridəkini aparanda bu, xəbərdarlıq deyildimi bəs?” Bu gün “əzrayıl” Böyük Absurdistanın qurucularını bir-bir aparmaqdadır. Bəlkə də belə yaxşıdır. Kim bilir?!

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın