Ərəstun Oruclu: “Əsrin cinayətinin” araşdırılmasında Baş Prokurorluq maraqlıdırmı?

 

Baş prokuror Kamran Əliyevin Tərtər i qəbul etməsi bəzi insanlarımızda “Əsrin cinayətinin” ədalətli araşdırılacağına ümid yaradıb.

Bu ümidlər nə dərəcədə əsaslıdır? Cəmi 4 ay əvvəl hərbçilərin kütləvi qətlə yetirilməsi və işgəncələrə məruz qalması barədə cəmiyyətdə gedən müzakirələri absurd adlandıran şəxsdən bunu gözləməyə dəyərmi?

Xeyr, əminəm ki, Kamran Əliyevin bu addımı adi bir baş qatmaq cəhdidir, özü də təkcə onun yuxarıdakı reaksiyasına görə yox. Həm də ona görə ki, Kamran Əliyev Baş prokuror işlədiyi dövrdə Tərtər cinayətində birbaşa iştirak etmiş azı 3 nəfəri Baş Prokurorluqda və Hərbi Prokurorluqda yüksək vəzifələrlə mükafatlandırıb.

Simptomatikdir ki, onlardan ikisi – Hərbi Prokurorluğun İstintaqa Nəzarət Şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş Mehdi Hüseynzadə və Bas Prokurorluğun İstintaq İdarəsinin xüsusi mühüm işlər üzrə müstəntiqi vəzifəsinə təyin edilmiş Vətən Əliyev Ramiz Mehdiyevin yaxın adamlarıdır.

Keçən ilin iyul ayınadək Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin rəisi olmuş Mehdi Hüseynzadə Tərtər qətliamında təkcə “istintaqa” rəhbərlik etməyib, həm də hərbçilərimizə amansız işgəncələr verilməsində birbaşa fəal iştirak edib.

Eyni “istintaq” (işgəncə) qrupunda fəal iştirak edən Vətən Əliyevlə bağlı vəziyyət isə daha qəlizdir. Hərbçilərimizdən işgəncələr altında alınmış “şahid ifadələrini” və düşmənlə əməkdaşlıq “etiraflarını” qanuniləşdirən Vətən Əliyevin atası, o zaman Tərtər Hərbi Məhkəməsinin hakimi işləyən Kamal Əliyev olub.

İşgəncələrdən sonra halsız vəziyyətdə olan hərbçilərimizə həbs qətiimkan tədbiri seçilməsi haqda qərarları verən Kamal Əliyev olub. Uzun illər ərzində Hərbi Prokurorluq və Hərbi Məhkəmə sistemində çalışmış Kamal Əliyev hal-hazırda AMEA Rəyasət Heyəti aparatının Hüquq şöbəsinin müdiri vəzifəsində çalışır.

Əldə etdiyimiz son məlumatlara görə Baş prokuror Kamran Əliyev Tərtər qətliamı qurbanlarının nümayəndə heyətindən qəbul etdiyi şikayət ərizələrinin araşdırılmasını Ramiz Mehdiyevin digər bir kadrı olan Baş prokurorun böyük köməkçisi Mahir Abbasova həvalə edib.

Xatrıladım ki, Mehdiyev qəbiləsinin üzvü olan Abel Məhərrəmovun qohumu Mahir Abbasov həmin vəzifəyə bu ilin mart ayında Kamran Əliyev tərəfindən təyin olunub. Əvvəllər isə o, Xanlar Vəliyevlə dost olan Abel Məhərrəmovun sayəsində Hərbi Prokurorluq orqanlarında karyera qurub.

Xatırladım ki, hal-hazırda Ali Məhkəmənin sədri olan Ramiz Rzayev və Ali Məhkəmənin Hərbi Kollegiyasının sədri vəzifəsini tutan Əziz Seyidov (işgəncələrə rəhbərlik edənlərdən biri olmuş SAT komandiri Cəfər Seyidovun atası) da karyeralarını əsasən Hərbi Prokurorluq orqanlarında qurublar.

İndi gəlin özümüzü inandıraq ki, ölkənin cinayətkar çətə tərəfindən zəbt olunmuş Baş Prokurorluğu və məhkəmə sistemi “Əsrin cinayətinin” araşdırılmasında və əsl günahkarların üzə çıxarılaraq cəzalandırılmasında maraqlı ola bilər. Daha doğrusu, özümüzü aldadaq…

Ərəstun Oruclu.

Bunu paylaş:

Bir cavab yazın