Ərəstun Oruclu: “Əsrin cinayətini törədənlər niyə cəzasız qalmaqdadır?”

“Əsrin cinayətini törədənlər niyə cəzasız qalmaqdadır?” adlı ilk analitik bloq yazılarımda Tərtər qətliamının sıradan bir cinayət olmadığını, onun öncədən hərtərəfli hazırlanaraq həyata keçirilmiş kəşfiyyat əməliyyatı olduğunu göstərmişdim.

Onu da göstərmişdim ki, bu, Azərbaycana qarşı aparılan hibrid müharibənin tərkib hissəsidir. Mövzu ictimailəşdikcə və məlumat mənbələri artdıqca təəssüf ki, bu iddia nəinki şübhə altına düşmədi, əksinə daha çox əyani faktlarla təsdiqləndi.

Son ayların araşdırmaları isə əməliyyata hazırlıq mərhələsində onun icrası üçün nəzərdə tutulmuş casus şəbəkəsinin necə hazırlanaraq müxtəlif mövqelərə yeləşdirildiyini üzə çıxardı. Əməliyyatın bu hissəsi hələ aprel döyüşlərindən xeyli əvvələ təsadüf edir.

Bunların hamısı haqda aşağıda daha ətraflı. Hələlik isə əməliyyatın taktiki və strateji hədəflərı barədə bir daha qısaca xatırladım. Tərtər qətliamı Rusiya xüsusi xidmət orqanlarının həyata keçirdiyi planın taktiki addımı idi. Strategiya isə daha böyük vəzifələri hədəfləmişdi.

Rusiyanın strateji hədəfi Azərbaycanı tam olaraq öz nəzarətinə qaytarmaq və ölkə ərazisindən keçən, qlobal daşımalar üçün əhəmiyyətli olan kommunikasiyalara nəzarət etmək idi. Yəni, söhbət bu gün artıq açıq şəkildə müzakirə olunan məsələlərdən gedirdi.

Amma təəssüf ki, 4 il əvvəl bu fikirlər nəinki sadə izləyicilər, hətta bəzi “ekspertlər” və “siyasətçilər” tərəfindən sarkazmla qarşılanırdı. Məlumdur ki, belə nəzarəti həyata keçirməyin ən etibarlı yolu isə onların keçdiyi ərazilərə silahlı qüvvələr yerləşdirməkdən ibarətdir.

Azərbaycan ərazisinə Rusiya silahlı qüvvələrinin yerləşdirilməsi isə yaınız bir halda – onların (guya) sülhməramlı missiya yerinə yetirməsi pərdəsi altında mümkün idi. Çünki Azərbaycan Respublikası qanunvericiliyi ölkə ərazisinə xarici ölkələrin hərbi bazalarının yerləşdirilməsini qadağan edir.

Amma “sülhməramlıların” yerləşdirilməsinin özü qədər də onların harada yerləşdirilməsi önəmli idi ki, bunun üçün də ən optimal nöqtə Goranboy idi. Goranboyda sülhməramlıların yerləşdirilməsi üçün isə Ermənistan ordusu oraya qədər olan əraziləri “işğal etməliydi”.

Başqa sözlə, Tərtər hökmən işğal olunmalı idi və bunun üçün də zəruri hazırlıq artıq görülmüşdü. Amma bu yerdə haşiyə çıxaraq bir daha xatırladım ki, 2015-ci ildə “Şərq-Qərb” dəhlizinin keçdiyi mühüm sahələrdən birində – Xəzərdə Azərbaycanın mövqeləri HDQ-nin dağıdılması ilə artıq laxladılmışdı.

Hələ 2015-ci ilin əvvəllərində başlayaraq ölkənin silahlı qüvvələrinə yerləşdirilmiş casus şəbəkəsi artıq öz işinə başlamışdı. Həmin mərhələdə başlıca vəzifə Tərtər-Ağdərə istiqamətində Azərbaycan Ordusunun sıralarında təxribatlar, sabotajlar törədərək Tərtərin və onun ətraf ərazilərinin itirilməsinə nail olmaq idi.

Amma bütün təxribatlara, xəyanətlərə baxmayaraq Azərbaycan ordusu 2016-cı ilin aprel döyüşlərində (çoxsaylı itkilərə baxmayaraq) nəinki məğlub olmadı, hətta bir sıra uğurlar da qazandı. Əməliyyatı planlayanlar bunu və əhalinin orduya dəstəyinin miqyasını nəzərə almaya bilməzdilər.

Təxribatlar isə bunlardan ibarət olmuşdu:
– Azərbaycan Ordusunun sıralarına konkret tapşırıqlarla xüsusi casusların yeridilməsi və onların əlilə hərbi uğursuzluğa nail olunması;
– Əməliyyatın planlarının düşmən tərəfə ötürülməsi;

– Ordunun irəli getməsinin “əməliyyat planlarının dəyişdirilməsi” adı altında qarşısının alınması;
– Döyüş sursatı və ərzaq təhcizatının zəif “təşkil olunması” və hərbi texnikanın sıradan çıxarılması;
– Ordu sıralarında xəyanət, satqınlıq xofunun yaradılması və s.

Göründüyü kimi, bütün bu vəzifələrin sonuncudan başqa hamısını yalnız yüksək komandir heyəti həyata keçirə bilərdi və belə də olmuşdu. Amma buna da baxmayaraq ordunun məğlubiyyətini təmin etmək mümkün olmamışdı.

Məhz buna görə də hərbi əməliyyatların başlanmasından 3 gün sonra Rusiyanın müdafiə naziri Sergey Şoyqu müdaxilə edərək onların dayandırılmasına nail oldu. Rusiya indi “B” planına keçməli idi, amma bundan əvvəl vəziyyət dəyərləndirilməli və plan da ona uyğun hazırlanmalı idi.

İndi vəzifələr dəyişirdi və düşmənin (Rusiyanın) başlıca məqsədlərindən biri ordunu xalqın dəstəyindən məhrum etmək idi. Onu gözdən salmağın, ona cəmiyyətdə olan etimadı dağıtmağın ən ideal yolu isə orduda guya kütləvi xəyanət faktlarının olmasını xalqa çatdırmaq idi.

Elə buna görə də orduda guya xəyanətin, üstəlik də hərbçilərin kütləvi şəkildə ermənilərə cinsi istismara satılmasının olmasını xalq “bilməli” idi. Bunu da biz AR Hərbi Prokurorluğunun cinayət işinın açılması barədə 3 may 2017-ci il tarixli qərarında gördük.

Satqın Xanlar Vəliyevin xain müavini Şəfahət İmranovun imzaladığı həmin bədnam qərarda məhz belə də yazılıb: “Azərbaycan Ordusunun hərbçilərinin pul müqabilində kütləvi şəkildə düşmən ordusunun hərbçilərinə cinsi istismar məqsədilə təhvil verilməsi…”

Belə bir “qərarı” keçirmək və onun media təminatını reallaşdırmaq üçün Rusiya kəşfiyyatı Azərbaycanda pul müqabilində ermənilərə nəsillikcə cinsi xidmət göstərmək təcrübəsi olanları tapıb üzə çıxarmalı idi və görüyümüz kimi bunu bacarıb da. Özü də təkcə Hərbi Prokurorluğun, MN-nin rəhbərliyində yox.

Həm də həmin “qərarın” ardınca gələn 7 may 2017-ci il tarixli məlum xəyanətkar bəyanatı imzalayan dörd dövlət qurumunun (MN, Baş Prokurorluq, DTX və DİN) rəhbərliyində, həmçinin bəynatın üzə çıxmasına siyasi rəhbərliyi həyata keçirənlər arasında da.

Elə deyilsə Azərbaycan Ordusunun hərbçisinə işgəncə vermək ki, o, guya öz doğma bacısını ermənilərə təhvil verdiyini boynuna alsın və bunu etiraf etmədikdə onu öldürənlərin “əxlaqı” haradan, nədən qaynaqlanır? Bəs “məhkəmələrin” bugünədək belələri haqda heç bir tədbir görməməsi?

Amma Tərtər qətliamını bildiyimiz (və bəlkə də hələ bilmədiyimiz) miqyasda törətmək üçün təkcə sadalananlar kifayət etməzdi. Amansız işgəncələr verənlərdən tutmuş cinayətə media və xüsusilə də sosial media üzərindən informasiya dəstəyi verənlərədək bütün bu, casus şəbəkəsinin miqyasını təsəvvür etmək belə qorxuncdur.

Bu gün daha dərin təkrar araşdırmalardan sonra bir daha tam əminliklə bildirirəm ki, Tərtər cinayətini törədənlərdən tutmuş ona bəraət qazandıranlaradək geniş əhatə dairəsi olan çoxseqmentli kəsimdə bircə nəfər də təsadüfi adam olmayıb və yoxdur, ola da bilməzdi, çünki Tərtər qətliamı xüsusi kəşfiyyat əməliyyatı idi!

O, da aydındır ki, nəhəng bir xəyanətkarlar şəbəkəsi bir tək Tərtər qətliamını törətmək üçün yaradıla bilməzdi. Həmin şəbəkə heç bu gün cinayəti və cinayətkarları himayə etmək üçün də nəzərdə tutulmayıb. Onun əsas vəzifəsi Azərbaycan dövlətini çökdürməkdir.

Bəli, çökdürməkdir, çökdürmək olub yox, çünki çətə bu gün də iş başındadır. İşdən kənarlaşdırıldığı deyilən Nəcməddin Sadıkov hələ də ölkə ordusuna ciddi təsirə malikdir, çünki onun əsas kadrları bu günədək öz vəzifələrindədir. Xanlar Vəliyev isə bu gün də Tərtər qatillərini vəzifədə irəli çəkməkdədir.

Haqlı sual oluna bilər ki, xanlarvəliyevlər, nəcməddinsadıqovlar kimə və nəyə güvənərək özlərini bu qədər rahat, güvənli hiss edirlər? Bir tək Rusiyanın dəstəyinəmi? Əlbəttə ki, yox, onlar həm də İlham Əliyevin ən yaxın ətrafındakı qohumları tərəfindən açıq himayə olunurlar.

Əvvəllər də dəfələrlə demişəm və bu gün də təkrar edirəm: Azərbaycanın taleyi Tərtər qətliamının ifşasından keçir. Bu gün qorxu içində olan xəyanətkarlar özlərini xilas etmək üçün ağalarının istənilən əmrini yerinə yetirməyə hazırdırlar. Bu isə Azərbaycana Tərtər qətliamından dəfələrlə baha başa gələ bilər…

Xüsusilə də Azərbaycana təhdidlərin durmadan artdığı bir zamanda. Burda sual ortaya çıxır ki, bəs yaranmış vəziyyətdə ölkə hakimiyyəti hansı addımları atmalıdır və cəmiyyət olaraq bizlər nə etməliyik? Hakimiyyət qəti addımlar ataraq xain çətəni ləğv etməlidir, cəmiyyət isə həmin addımlara dəstək verməlidir. Qalan məsələləri isə sonra çözərik.

Bu məsələdə fikirlər müxtəlif ola bilər, mənim üçün bu gün vəziyyətdən yeganə real çıxış yolu belə görünür. Azərbaycanın Qazaxıstana, Suriyaya, Ukraynaya çevrilməməsi üçün qətiyyətli addımlar atılmalıdır. Amma həmin addımlar indi, bu gün atılmalıdır, çünki sabah artıq gec ola bilər.

(davamı var)

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın