Ərəstun Oruclu: Əsrin cinayətinə hazırlıq mərhələsində törədilmiş çoxsaylı əməllərdən

 

Əsrin cinayəti olan Tətrət qətliamı haqqında bu günədək yazdıqlarımız, ictimailəşdirdiklərimiz faktlar dəryada damla qədər azdır. Bu qanlı cinayət haqda hələ uzun illər bəlkə də minlərlə məqalələr, yüzlərlə araşdırmalar, onlarla kitablar dərc olunacaq, sənədli və bədii filmlər çəkiləcək.

Ona görə ki, bu cinayət təkcə ordumuza deyil, ilk növbədə xalqımıza və dövlətimizə qarşı ən peşəkar səviyyədə, detallı və sistemli hazırlanaraq həyata keçirilmiş təxribatdır. Postsovet ölkələrin heç birində buna bərabər cinayət törədilməyib və onun ifşa olunması sayəsində yəqin ki, törədilməyəcək də.

Bu gün həmin dəhşətli cinayətə hazırlıq mərhələsində atılmış bəzi addımlar haqda yazmaq istəyirəm və ilk ciddi addım da 4 dövlət qurumunun – DİN, MN, DTX və Baş Prokurorluğun 2017-ci il mayın 7-də yaydığı birgə bəyanat olub. Bu bəyanat haqda çox yazılıb, amma bu gün qeyd edəcəyim detal ilk dəfədir işıq üzü görür. Bu da səbəbsiz deyil.

Qısaca xatırladım ki, həmin bəyanatda adı çəkilən 4 qurum bildiridi ki, Azərbaycan Ordusunun sıralarında Ermənistan kəşfiyyatına işləyən casus şəbəkəsi ifşa edilib və bununla bağlı birgə əməliyyat-istintaq qrupu yaradılıb. Sənəddə digər önəmli məqam isə Hərbi Prokurorluğun artıq həmin ilin may ayının 3-də (4 gün əvvəl) bununla bağlı cinayət işinə başladığı göstərilirdi.

Qeyd olunan sənəd azı 3 səbəbdən cinayət məsuliyyəti yaradır:
1. Əvvəla, ona görə ki, artıq həmin tarixədək yüzlərlə hərbçi işgəncələrə məruz qalmışdı və öldürülənlər də olmuşdu;
2. Həmin bəyanat artıq törədilmiş cinayətlərə hüquqi don geyindirməklə yanaşı, həmçinin cinayətin miqyasını artırmağa rəvac vermişdir;
3. Sənəddə casusluq və dövlətə xəyanət haqda yazılanlar yalan idi.

Amma bu günədək həmin bədnam sənədə imza atanlar barədə məlumat heç vaxt ictimailəşdirilməyib, çünki bəyanat yalnız qurumların adından yayılıb, ona imza atmış dövlət rəsmilərinin adları isə heç vaxt açıqlanmayıb. Cinayət məsuliyyəti isə fərdi məsuliyyətdir, yəni həmin sənədə imza atanlar buna görə şəxsən məsuliyyət daşıyırlar.

Bu adlar mənə hələ 3 il əvvəl məlum olsa da, məlumatın yalnız bir mənbədən olması onu ictimailəşdirməyimdə tərəddüdlər doğururdu. Amma bu günlərdə Tərtər işi ilə maraqlanan və onu Hərbi Cinayətlərə dair Beynəlxalq Məhkəməyə çıxarmaq istəyən xarici vəkil-hüquq müdafiəçiləri ilə söhbətim zamanı 3 il əvvəl əldə etdiyim həmin məlumat onlar tərəfindən də təsdiqləndi.

Odur ki, siyahını dərc edirəm:
Müdafiə Nazirliyi adından – nazir Zakir Həsənov;
Baş Prokurorluq adından – Baş prokuror Zakir Qaralov;
DİN adından – Vilayət Eyvazov ( o vaxt nazirin birinci müavini olub);
DTX adından – İsmayıl Bağırov (o vaxt və indi DTX rəisinin müavini).

Son iki imza suallar doğurmaya bilməz, amma ilk növbədə məlumatda yanlışlıq varsa, o zaman dövlət orqanları sənədin əslini dərc etsinlər və səhv etmişəmsə üzr istəməyə hazıram. Amma sual həm də budur ki, sənədə imza atanların hər biri kifayət qədər səlahiyyətli şəxslərdilər və bütün bu işin qurama olduğunu bilməli idilər. Əminəm ki, biliblər də, amma imza atıblar.

Bu məsələdə digər bir sual isə “müavinlərin imza atması müvafiq qurumların rəhbərlərini məsuliyyətdən azad edirmi?” sualıdır ki, onun da cavabını yalnız hüquqi dəyərləndirmə verə bilər.
Yuxarıda qeyd etdiyim vəkil-hüquq müdafiəçiləri haqda isə hələlik yalnız bunu qeyd edə bilərəm ki, onların artıq bir neçə işi beynəlxalq tribunal və məhkəmələrə çıxarmaq təcrübəsi var.

Bir sual da açıq qalır ki, bu da adı çəkilən 4 dövlət qurumunun təxribatçıları yeni cinayətlərə ruhlandıran həmin bəyanata imza atmasına tapşırığı kimin verməsidir. Burda da siyahı olduqca məhduddur: yüksək ehtimalla bu, İlham Əliyev olub, daha az ehtimalla isə Ramiz Mehdiyev.

Yeri gəlmişkən, Tərtər qətliamı məsələsində həmin dövrdə Prezident Administrasiyasının rəhbəri olmuş Ramiz Mehdiyevin rolu da olmamış deyil, amma bu, araşdırma mərhələsində olduğundan hələlik yazmağa ehtiyac duymuram. Tərtər qətliamında müxtəlif əməliyyatlara cəlb olunmuş polis orqanlarının rolu haqda da o zaman Daxili İşlər naziri olmuş Ramil Usubova xeyli suallar var.

Əsrin cinayətinə hazırlıq mərhələsində törədilmiş çoxsaylı əməllərdən xeylisi Müdafiə Nazirliyində həyata keçirilmiş yerdəyişmələr olub. Bunlardan biri və ən əhəmiyyətlisi qətliam ərəfəsində MN Baş Kəşfiyyat İdarəsinin rəisi, keçmiş MTN zabiti, general-mayor İlqar Mazanovun vəzifəsindən kənarlaşdırılması olub.

Əsrin cinayətinə hazırlıq mərhələsində Nəcməddin Sadıkovun hansı təxribatı planlaşdırıb törətməsi və onun nəticəsində kənarlaşdırdığı general Mazanovun yerinə Baş Kəşfiyyat İdarəsinin rəisi vəzifəsinə bu iş haqda elementar təsəvvürü belə olmayan tankçı-polkovnik Hilal Nəcəfovu necə gətirməsi haqda da daha ətraflı yazacağam.

Ərəstun Oruclu.

Bunu paylaş:

Bir cavab yazın