Ərəstun Oruclu: “Əsrin cinayəti” haqqında deyilməli olanlar (2-ci hissə)

 

Bəli, dünənki qərar məhz Tərtər qətliamının geniş ictimai müzakirəsinin və “Əsrin cinayətinə” ictimai reaksiyanın nəticəsidir. Düşmən anlamamışdı ki, belə vəhşiliyi törətməklə o xalq olaraq bizə dönüş nöqtəsində olduğumuzun mesajını vermiş olacaq. Bəli, bütün başqa əlamətlərilə yanaşı bu qətliam bizə tarixin dönüş nöqtəsində olduğumuzu anlatdı.

Tarixin dönüş nöqtəsində olmaq isə ekzestensial məsələdir, yəni bir xalq kimi mövcud olmaqla məhv olmaq arasında seçiş qarşısında qalmaq deməkdir. Bu mənada Tərtər qətliamının qurbanları öz həyatları, canları, qanları, sağlamlıqları, azadlıqları bahasına bizə xilas olmaq şansı verdilər. İndi buna cavab vermək növbəsi bizimdir.

Tərtər qətliamının ağır nəticələrinin aradan qaldırılması uğrunda mübarizə isə hələ indi başlayır. Daha doğrusu, dünənki qərarla buna start verildi. Hər kəsə bəllidir ki, cinayətkar çətə istintaqın öz maraqları çərçivəsində və istiqamətində getməsi üçün əlindən gələni edəcək. Onun imkanları isə yetərincədir.

Bu proses də artıq başlayıb, amma o, heç bir gözlənilən nəticəni verməyəcək. Nəticə yalnız həmin çətəyə və onun xarici havadarlarına xidmət edənlərin ifşası ilə yadda qalacaq. Daha doğrusu, özlərini ifşası ilə. Bu günədək də belə olub, bundan sonra da belə olacaq, çünki bu, dialektik qanunauyğunluğun tələbidir.

Sonda iki məqama da toxunmaq istərdim. Dünən yayılan bəyanatın sonunda belə bir bənd var. İqtibas edirəm: “Bununla yanaşı, kütləvi informasiya vasitələrinin nümayəndələrinin, sosial media platformaları istifadəçilərinin, eləcə də cinayət prosesi iştirakçılarının diqqətinə çatdırılır ki, ibtidai araşdırma məlumatlarının müvafiq icazə olmadan yayılması yolverilməz olmaqla cinayət qanunvericiliyinə əsasən məsuliyyət yaradır, habelə istintaqa təsir göstərmək, cəmiyyətdə qəsdən yanlış fikir formalaşdırmaq, qalib Azərbaycan Ordusunun nüfuzuna, dövlət orqanlarının fəaliyyətinə kölgə salmaq məqsədilə qərəzli surətdə təhrif olunmuş məlumatlar yayan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir”

Nədənsə bəyanatın müəllifləri bu bənddə istintaqın gedişinə təsir edə biləcək gücdə olan maraqlı vəzifəli şəxslərə də xəbərdarlıq etməyi nəzərdən qaçırıblar. Amma buna ehtiyac da yoxdur, çünki o işi onsuz da biz görəcəyik. Bu günədək “nəzərdən qaçmış” bütün işləri gördüyümüz kimi.

Dünən çox hörmətli böyük bir ziyalımızdan Tərtər qətliamının müzakirəsinin bugünkü durumu ilə bağlı mesaj aldım. Şəxsiyyətinə, çox hörmət etdiyim həmin ziyalımızın bütün dəyərli fikirləri arasından birini sizlərlə bölüşməyə bilmərəm: bu andan etibarən bizim məsuliyyət yükümüz daha da artır.

Razıyam və inanıram ki, artıq xalq olaraq biz buna hazırıq, çünki artıq mütləq əksəriyyətimiz sadə bir həqiqəti anlayırıq: Tərtər qətliamı Azərbaycanı ya xilas edəcək, ya da məhv edəcək.
Əminəm ki, hamımız yaşamağı seçirik, özü də yaxşı yaşamağı, insan adına layiq olan həyatı yaşamağı. Çünki buna haqqımız var.

Ərəstun Oruclu
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri

Bunu paylaş:

Bir cavab yazın