Ərəstun Oruclu: “Əsrin cinayəti” haqqında deyilməli olanlar (1-ci hissə)

 

Dünən ölkənin 3 qurumunun – Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətləri “Tərtər işi” ilə bağlı birgə məlumat yaydı.
Məlumatı tam həcmdə xatırlatmağa ehtiyac duymuram, amma hadisənin özü ilə bağlı bunları deməyi özümə borc bilirəm:

İllərdir ölkəni çalxalayan “Tərtər işi”, Tərtər soyqırımı”, “Tərtər qətliamı” və “Əsrin cinayəti” kimi adlandırılan dəhşətli cinayətin yenidən araşdırılmasını tələb edirdik. Bu yerdə haşiyə çıxaraq deyim ki, son iki ad tərəfimdən daha çox istifadə olunurdu və o zaman onların ictimai-siyasi leksikona daxil olacağını düşünmürdüm.

Tərtər qətliamı, onun detalları ölkəsini və xalqını sevən, onların taleyinə biganə qalmayan hər bir azərbaycanlını və ümumiyyətlə insan olan hər kəsi dəhşətə gətirməyə bilməzdi. Etiraf edirəm, ölkədə hər cür qanunsuzluqların şahidi olan, müxtəlif dövrlərdə qəddar işgəncələrdən, qətllərdən, digər cinayətlərdən məlumatlı olan biri kimi baş verənlər ilk günlər mənə inandırıcı görünməmişdi.

Amma bir şeyə dəqiq heç vaxt inanmamışdım: Azərbaycan hərbçisi Ermənistan kəşfiyyatına işləyə bilər, özü də belə kütləvi şəkildə. Xeyr, buna inanmaq mənim düşüncəm çərçivəsinə sığacaq bir şey deyildi və arxada qalan 5 ilə yaxın müddət ərzində baş verənlər də göstərdi ki, xalqımın ordusu, əsgəri, zabiti haqqında yanılmamışam.

Azərbaycan Ordusu haqqında bütün tərəddüdlərə, şübhələrə, yanlışlara, uydurmalara, böhtanlara, cinayətlərə isə həmin ordunun özü 44-günlük müharibədə birdəfəlik nöqtə qoydu. Özü də hamı üçün: onu sevənlər, ondan qaçanlar, ona nifrət edənlər, ona qarşı qanlı cinayətlər törədənlər və əlbəttə ki, tarix üçün.

Tərtər qətliamını “Əsrin cinayəti” adlandırmağım da səbəbsiz deyildi. Cinayətin “motivləri”, miqyası və törədilmə üsulları o qədər əcaib və amansız olmuşdu ki, bunu törədənlərin nəinki normal insan, heç insan olduqlarını belə təsəvvür etmək mümkün deyildi. Bu yerdə bir şeyi də qeyd etməyi zəruri hesab edirəm.

Tərtər qətliamının törədilməsində və onun belə böyük bir miqyas almasında günahkar təkcə cinayəti biləvasitə törədənlər deyil. Qətliamın ilk günlərində cinayət qurbanları haqda cəmiyyətə yanlış məlumatlar verərək (belələrinin 90% bunu məqsədli ediblər) günahsız hərbçilərimizi ictimai müdafiədən məhrum edənlər də xəyanətkar mütəşəkkil kriminal dəstənin cinayət şərikləridir.

4 il əvvəl dediyimi bir daha təkrar edirəm: Tərtər qətliamı uzun illərdir Azərbaycan xalqına qarşı aparılan hibrid müharibənin tərkib hissəsi idi və onu törədənlər də birmənalı olaraq xəyanətkarlar və casuslardır! Amma məlum oldu ki, onu törədən cinayətkarlar bu xalqı tanıya bilməmişdilər və çoxsaylı səhvlərə yol vermişdilər:

– Ağlasığmaz vəhşiliklərə, hətta xəstə insan təxəyyülünün də ortaya qoya bilməyəcəyi ingəncələrə məruz qalan azərbaycanlılar saxta etiraflar və yalan şahid ifadələri verməyə bilərlər;
– Azərbaycan ordusunda satqınlıqla ölüm arasından ikincini seçə biləcək minlərlə, on minlərlə mərd, qorxmaz Kişi varmış;

– Azərbaycan adlanan ölkədə işgəncələr üçün məqsədli olaraq seçilmiş həm sosial, həm də hüquqi baxımından müdafiəsiz, həssas olan insanların müdafiəsinə qalxa biləcək insanlar olarmış;
– Davamlı olaraq korrupsiyaya, insan ləyaqətinin alçaldılmasına, təqiblərə məruz qoyulan bir ordunun hərbçiləri sınmaya bilərmiş.

Düşmənin daha çox səhvlərini sadalamaq olar, amma indi buna ehtiyac yoxdur. Bir səhvini isə deməmək olmaz: düşmən hesablaya bilməmişdi ki, davamlı olaraq ictimai-siyasi fəaliyyətdən, öz hüquqlarının müdafiəsindən, hətta ölkədəki vəziyyətin müzakirəsindən uzaqlaşdırılan cəmiyyət və ya heç olmazsa onun bir hissəsi orduya qarşı törədilmiş əsrin cinayətini ifşa edə bilər.

Bu mənada bizlər güclü, böyük və məkrli bir düşmənin bəlkə də onlarla müxtəlif institularında hazırlanmış çirkin texnologiyanı darmadağın etmişik, onun səmərəsizliyini, bir ovuc vicdanlı insanın iradəsi, cəsarəti, ağlı və inadkar əzmi qarşısında nə qədər aciz və mənasız olduğunu sübut etmişik.

Ərəstun Oruclu
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri

Bunu paylaş:

Bir cavab yazın