Ərəstun Oruclu: Əslində bu plan elə bu gün də reallaşdırılmaqdadır

 

Dostlardan biri sual verəndə ki, Azərbaycan Ordusuna qarşı törədilmiş vəhşi cinayətin əsas məqsədi nə idi, cavabım belə olmuşdu: ölkənin son dayağı olan ordunu sındırmaq, xalqın gözündən salmaq və bundan sonra da ölkəni narkobaronların, sutenyorların, terrorçuların və qumarxana sahiblərinin özünü tam sərbəst hiss etdiyi məkana çevirmək.

Əslində bu plan elə bu gün də reallaşdırılmaqdadır və Azərbaycanda hakimiyyəti zəbt etmiş cinayətkar çətənin yaratdığı bütün infrastruktur məhz bu hədəfə çatmağa xidmət edir. Sadəcə ordu və onun arxasında dayanan xalqın birliyi həmin planın qarşısında ən böyük maneədir.

Ona görə də 2016-cı ilin aprel döyüşləri günlərində ordu-xalq birliyini görüb bundan xoflanan cinayətkar çətə və onun xarici himayədarları sadə bir həqiqəti anladılar: ordunu elə bir şəkildə cəzalandırmaq lazımdır ki, həm xalqın gözündən düşsün, həm özü sınsın, həm də bir daha silah qaldırmaq gücündə və ruhunda olmasın.

Tərtər qətliamını törətməyin başlıca məqsədi də yuxarıda qeyd etdiyim hədəfin qarşısında sonuncu maneə olan ordu-xalq birliyini sarsıtmaq idi. Düşmənlər anladılar ki, illər boyu ordu sıralarında yaydıqları cinayətlər, total korrupsiya və ya HDQ-nin dağıdılması gözlənilən effekti verməyib. Deməli, daha təsirli və yekun nəticəni verə biləcək miqyaslı cinayət hazırlanmalı idi.

Bu cinayət də Tərtər qətliamı oldu. 4 ilə yaxın bir müddətdə apardığımız araşdırmaya rəğmən hər gün aldığımız yeni məlumatlar Əsrin Cinayətinin ən xırda detallaradək hazırlanaraq həyata keçirilməsini dönə-dönə isbat edir. Belə bir plan isə həsənovların, sadıkovların, qaralovların, usubovların, vəliyevlərin “ağlının” məhsulu ola bilməzdi və deyil də.

Adıni sadaladığım və onlarla bir sırada duran çoxsaylı digər cinayətkarlar sifarişçinin (Rusiyanın) ölkəmizdəki geniş agentura şəbəkəsinin kiçik bir hissəsi olan icraçılardır.
Deyə bilərsiniz ki, bunların hamısı ən yaxşı halda təxəyyül məhsulu olan versiya, ən pis halda isə uydurmadır. Amma bunu iddia elədikdə bəzi suallar ortaya çıxacaq ki, onların cavablarını təkcə tapmaq yox, həm də əsaslandırmaq lazım olacaq.

Sual 1: tutaq ki, ordu sıralarında cinayətkarları himayə edənlərin dediyi kimi satqınlar vardı. Deyək ki, onların etiraflarını almaq üçün zorakılıq və işgəncə tətbiq olunub. Bu zaman sual olunur ki, hərbçilərimizin ermənilərə cinsi istismar üçün satıldığını iddia eləmək nəyə lazım idi?

Ona görə ki, həmin iddianı bədnam Hərbi Prokurorluq cinayət işi açılması barədə 3 may 2017-ci il tarixli qərarında yazıb, cinayətkar Xanlar Vəliyevin özü qədər yaramaz müavini Şəfahət İmranovun imzası və qurumun möhürü ilə təsdiqləmişdi. Məhz bu iddianı təsdiqləmək üçün də yüzlərlə hərbçimiz işgəncələr zamanı cinsi xarakterli zorakılıqlara məruz qoyulmuşdu.

Sual 2: Niyə? Ona görə ki, bu iyrənc əməl Azərbaycan xalqına “sən özünü erməniyə cinsi istismar üçün satan hərbçilərinlə torpaqlarını azad edə bilməzsən” fikrini aşılamağa və xalqda orduya nifrət yaratmağa hesablanmışdı. Bu isə artıq nəinki ayrı-ayrı hərbçilərə, nəinki orduya, bütövlükdə Azərbaycan xalqına həqarətdir, təhqirdir. Ən faciəvisi isə bunu edənlərin bu gün də yüksək dövlət vəzifələrində qalmasıdır.

Bu, bizim hər birimizi aşağılamağa xidmət edən çirkin əməl olub, bununla cinayətkar çətə və onun xarici himayədarı bizim hamımızı təhqir edib. Deməli, bunun da cavabını hamılıqla verməliyik, yoxsa düşmən onun əməllərini həzm etdiyimizi düşünərək, ardınca daha alçaldıcı, daha çirkin əməllər törədəcək.

Başqa bir misal: 18 ildir orduda xidmət edən atanı MAXE kimi xidmət edən oğlunu öldürməklə hədələyib, ondan 20 əsgəri ermənilərə satdığının etirafını alırlar. Ardınca atanı oğulun gözü qarşısında satqınlığını etiraf etməyə, oğulu isə (hamınızdan üzr istəyirəm) atanın başına işəməyə məcbur edirlər.

Bu, uydurma deyil. Dünən və srağagün həm ata, həm də oğul bunu “Azerfreedom”un efirində özləri danışıblar. Məni inandırın ki, bundan sonra Azərbaycan xalqının Tərtər qətliamını törədənlərin özlərini və onları himayə edənləri yerə yixib istədiyini etməyə haqqı yoxdur.

Var və bunu hökmən etməlidir bu xalq, çünki etməsə əsgərinə, zabitinə qarşı edilənləri qəbul etmiş olur.

Ən dəhşətlisi isə odur ki, bu alçaq əməli törədənlər vaxtilə Hikmət Mirzəyevin XTQ-dən qovduğu və Hikmət Həsənovun qanadının altına aldığı cinayətkarlar deyil, SAT xüsusi təyinatlılarıdır. Yaramaz Əziz Seyidovun yaramaz oğlu Cəfər Seyidovun komandiri olduğu SAT. O yaramaz Seyidov ki, Tərtərdə törətdiyi alçaqlıqları fəxrlə dostlarına danışırmış.

Cəfər Seyidova gəlincə, onun cinsi xarakterli cinayətlərə meyli heç də təsadüfi deyil, əksinə, bunun çox konkret səbəbləri var: 1 il müddətinə İtaliyaya dəniz akademiyasına oxumağa göndərilən Cəfər Seyidov geri döndükdən sonra qeyri-adi yerişi, davranışı ilə diqqət çəkirmiş və əsgərlər tərəfindən ələ salınırmış. Buna görə onun atası əzizxələfini ələ salanların üçünün hətta cəbhə xəttinə xidmətə göndərilməsinə də nail olubmuş…

Sual 3: Əgər söhbət ermənilərə cinsi istismar üçün satılanları Ermənistan kəşfiyyatı ifşa etmək təhdidi ilə əməkdaşlığa cəlb etmişdisə, o zaman ermənilərlə cinsi əlaqədə olduğunu etiraf edən 2 nəfər nədən bu gün həbsdə deyil? Yalnız cinayətkar Xanlar Vəliyevin müdafiəsinə danışdıqlarına görə? Bəs dövlətə xəyanət və casusluq faktının etirafı necə oldu?

Şübhəsiz ki, gec ya tez Əsrin Cinayətini törədənlərin hamısı ən sərt şəkildə cəzalandırılacaqlar. Çalışdığımız budur ki, onlar qanuni yolla cəzalandırılsınlar və ölkə qisasçılığa, nifrətə, intiqama, son nəticədə qanlı xaosa çəkilməsin. Amma belə görünür ki, Azərbaycan hakimiyyətinin anlamadığı və israrla anlamaq istəmədiyi məqamlardan biri də budur.

Nəhayət, indi çoxları ordumuzun qələbəsindən, torpaqların azad edilməsindən, hərbçilərimizin qəhrəmanlığından yazmağı sevir və burda da heç bir qəbahət yoxdur, çünki həqiqətən belədir.
Amma haqqı pozulmuş, işgəncələrə məruz qalmış, qətlə yetirilmiş Azərbaycan hərbçisinə bizim pafoslu sözlərimiz yox, onların haqqının bərpa olunması lazımdır.

Bu isə bizim onlara borcumuzdur və həmin borcu qaytarmaqda xeyli gecikmişik.

Ərəstun Oruclu.

Bunu paylaş:

Bir cavab yazın