Ərəstun Oruclu: Ümid edirəm, bununla heç kimi təəccübləndirmədim və faktı da misal olaraq göstərdim

 

“Tərtər məsələsinə qanunla baxsaq onda gərək 2 dövlət arasında müharibə düşsün” və “Xainləri ödürüblərsə, düz ediblər. Onları mühakimə etmək nəyə lazımdır ki, hələ üstəlik dövlət onlara həbsxanada xərc də çəksin”.

Bu sitatların müəllifi 2018-21 illərdə Şəki Apelyasiya Məhkəməsinin sədr müavini olmuş Mirbahəddin Hüseynovdur özü də bunları o, məhkəmə zalında səsləndirib.

“Sədr müavini olmuş” ifadəsi kimdəsə fikir yarada bilər ki, yəqin “hakim” Mirbahəddini Tərtər cəlladlarına dair çıxardığı (daha doğrusu, təsdiqlədiyi) qanunsuz hökmlərdən sonra vəzifəsindən çıxarıblar.

Xeyr, çıxarmayıblar. Əksinə, Azərbaycan Ordusuna qarşı qanlı cinayət törətmiş bütün xainlər kimi, Mirbahəddin Hüseynov da mükafatlandırılıb və hal-hazırda Gəncə Apleyasiya Məhkəməsinin sədri vəzifəsini tutur.

Ümid edirəm, bununla heç kimi təəccübləndirmədim və faktı da misal olaraq göstərdim ki, törətdikləri cinayətlərə görə mükafatlandırılmış mirbahəddinkimilər cinsindən olanların sayı onlarladır. Bəlkə də yüzlərlə, kim bilir.

Bugünkü sual isə belədir: Tərtər qətliamının və Azərbaycan Ordusuna qarşı törədilmiş cinayətlərin arxasında kim və nə dayanır?
Amma yuxarıdakı faktla elə-belədən başlamadım.

Əvvəllər də yazdığım kimi, “Əsrin Cinayətini” törədənlərin az qala hamısı mükafatlandırılıb, vəzifədə, rütbədə böyüdülüb, mütləq əksəriyyəti də İlham Əliyevin sərəncam və fərmanları ilə.

Mirbahəddin adlı məxluqu həm də ona görə misal gətirdim ki, onun mükafatlandırılması bu il baş verib. Yəni, Tərtər qətliamının artıq gündəmi tutduğu bir vaxtda. Yəni, İlham Əliyevin xəbəri olmayıb “arqumenti” konkret halda yumşaq desək heç nəyə yaramır.

Qatillərin, cəlladların, təxribatçıların hamısını mükafatlandırmaqla İlham Əliyev cəmiyyətə qarşı çıxır?

Doğrudanmı İlham Əliyevin özü də bu cinayətin sifarişçilərindəndir?

Doğrudanmı, durmadan fəxrlə ali baş komandan olduğunu vurğulayan Əliyev öz əsgərlərinə qarşı işgəncələrə fərman verib?

Doğrudanmı, o, ordunun belə eybəcər şəkildə alçaldılmasını alqışlayır?

Məsələyə sadə yanaşdıqda bütün bu sualların bircə cavabı var: Bəli və o cavabı verən də İlham Əliyevin özüdür. Öz əməllərilə, orduya, xalqa, dövlətə münasibətilə.

Mirbahəddin bir məsələdə də işə yaradı amma: görəsən Tərtər qətliamı açılarsa aralarında dava düşə biləcək dövlətlərin ikincisi hansıdır?

Əlbəttə ki, Rusiya və bunu bəndəniz hələ 2017-2018 illərdə dəfələrlə yazıb. Mirbahəddin isə sadəcə dəfələrlə yazdığımı təsdiq edib. Sağ olmasın!

Amma hər bir sualın cavabı yeni sual(lar) doğurur. Məsələn, sual olunur ki, ölkənin prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı öz ölkəsinin ordusunun bu hala salınmasını nədən istəsin ki?

Hələlik irəli gedərək “Əsrin cinayətinin” gələcək fəsadı haqda bir haşiyə çıxım:
Tərtər qətliamının ən ağır fəsadı bilirsiniz nədir? Əlbəttə ki, kütləvi işgəncələr, qətllər, ordunun dağıdılması.

Bəli və həqiqətən insanın həyatını, onun sağlamlığını qorumaq, təhlükəsizliyini təmin etmək dövlətin və onu idarə edənlərin başlıca vəzifəsi olmalıdır. Olmalıdır, amma bizim halda belə deyil və ola da bilməz.

Nə qədər ağır da olsa, təəssüflə deməliyik ki, insan itkiləri zamanla unudulur, yaralar sağalır, yaddaşlar təzələnir və bir gün bunların hamısı tarix olur.
Cəmiyyət üçün əlbəttə, bu faciəni yaşamış insanlar, onların ailələri, onların ağrısını bölüşənlər üçün isə bunlar daim ağır yük olacaq.

Amma Tərtər qətliamında tarix olacaq başqa bir məqam da var: Azərbaycan Ordusuna, xalqımıza atılmış dəhşətli bir böhtan. Elə bir böhtan ki, onu biz də unutsaq, pisniyyət qonşularımız bizə bəlkə də yüzilliklər boyu xatırladacaqlar. Özü də mənbə olaraq Azərbaycanın dövlət orqanlarının rəsmi sənədlərinə istinad etməklə.

Bu, xəyanət yuvası olan Hərbi Prokurorluğun cinayət işinin açılması haqda 3 may 2017-ci il tarixli bədnam qərarıdır. Söhbət o qərardan gedir ki, orada Azərbaycan Ordusunun əsgərlərinin pul müqabilində kütləvi şəkildə cinsi istismar üçün ermənilərə satılması iddia olunur.

Təsəvvür edirsiniz, 30, 50 ildən sonra bu gün hələ doğulmamış azərbaycanlı ermənilərin belə ittihamı və ortaya qoyduğu sübut qarşısında hansı vəziyyətə düşəcək?

Təsəvvür edirsiniz, erməni “tarixçiləri” bunun üzərində hekayələr quranda və hər dəfə də “qədim erməni əlyazmalarına” deyil, elə bizim öz mənbələrimizə istinad edəndə insanlarımız nələri yaşamalı olacaqlar?

Mənbələr sözünü təsadüfən yazmadım, çünki mənbə təkcə cinayət işinin açılması haqda yuxarıda qeyd etdiyim bədnam qərar deyil, çoxsaylı məhkəmə hökmləri, iddianı sübuta yetirmək üçün işgəncələr zamanı zorlanmış onlarla hərbçimiz və nəhayət, alçaq Xanlar Vəliyevin əmrilə Tərtər hərbi məhkəməsinin alçaq sədrinin yaydığı “istintaq” videolarıdır.

Demək istədiyim odur ki, xanlarvəliyevlər, zakirqaralovlar, nəcməddinsadıkovlar, zakirhəsənovlar və digər bu kimi düşmən məxluqlar bizə elə bir ləkə yaxıblar ki, ondan yuyunmaq üçün yalnız onların özlərini ermənilərin istismarından keçirməkdən başqa yolumuz qalmır.

Eyni fikirləri Tərtər qətliamının təşkilatçılarını və icraçılarını nəyinsə müqabilində müdafiə etmək naminə hərbçilərimizin ermənilər tərəfindən zorlanmasını iddia edənlərə də ünvanlamaq olardı. Amma onlar da bu qədər önəmli deyil.

İndi kimsə məni inandırsın ki, Tərtər qətliamı törədiləndən bu günədək Azərbaycan xalqının düşmənlərini mükafatlandıran, vəzifədə və rütbədə böyüdən İlham Əliyev elə onlardan biri deyil.

Axı elə olmasaydı dövlətin başçısı hansısa qoçu dəstələrinə, Azərbaycana gətirilib yerləşdirilmiş PKK-çılara deyil, ali baş komandanı olduğu orduya güvənməli idi. İdi, amma güvənməyib, çünki ordu milli qurumdur, İlham Əliyevin dəstəsi isə antimilli.

Belə çıxmırmı ki, ordudan ən çox xoflanan, qorxan da elə İlham Əliyevin özü olub? Ona görə də təxribatçıların, casusların, düşmənlərin bu məkrli, çirkin planının qarşısını almayıb.

Deyək ki, Əliyev Rusiyadan qorxur və ona görə də Moskvanın dövlətimizin müxtəlif qurumlarına yerləşdirdiyi çoxsaylı casuslarına, terrorçularına toxuna bilmir. Deyək ki, bunu da necəsə qəbul etdik, bəs o zaman bu cinayətkarların mükafatlandırılması nə deməkdir? Özü də hamısının…

P.S.: Bir neçə gün əvvəl mənə qarşı öz aləmlərində bir “kompromat” yaydılar. Sən demə, mən Eldar Mahmudova işləyirəmmiş.

Deyəsən, başlarını o qədər itiriblər ki, kompromatla qarayaxmanı qarışdırıblar. Ehtiyacı olanlara həmin fərqi əyani şəkildə izah edə bilərəm.

Eldar Mahmudov demişkən, düz 6 ildir İlham Əliyev onu həbs edə bilmir. Niyə? Bəlkə Astanada Putinin onun qarşısına qoyduğu fotolar və sənədlər mane olur buna?

O zaman əlahəzrət elə qəzəblənmişdi ki, təyyarədən düşəndə hətta maşını da özü sürüb gəlmişdi iş yerinə və çatan kimi də Dövlər Mühafizə Xidmətinin o vaxtkı rəisi Vaqif Axundova Eldar Mahmudovu kənarlaşdırıb evinə aparmağı tapşırmışdı.

Niyə? Putinin göstərdiklərində nələr vardı? Orda yeni bir şey olmamalı idi axı. Onları bir müddət əvvəl əldə edib İlham Əliyevə ötürməmişdilər məgər? Suallar, suallar…

Son olaraq, mənə uşaqlıqdan izah ediblər ki, daşı hürən itə yox, onun sahibinə atmaq lazımdır. Xüsusilə də əgər hürən tuladırsa…

Ərəstun Oruclu.

Bunu paylaş:

Bir cavab yazın