Ərəstun Oruclu: Özümüzü aldatmamalıyıq

İki qaznin intihar etdiyi Sabirabadın icra başçısı deyir ki, onlardan birinin psixoloji problemi vardı, digərinin isə özünü asmasının kökündə “namus məsələsi durur”. Bir qrup sadəlövh insan da iddia edir ki, icra başçısı buna görə işdən qovulmalıdır. Niyə? Məgər o, nəsə artıq və ya əskik söz deyib və ya yersiz söhbət edib? Əsla yox!

Qazi intiharları kütləvi xarakter aldıqda diqqəti onlardan yayındırmağın ən optimal yolu qaziləri gözdən salmaqdır. İcra başçısı da bunu çox gözəl bilir və həmin xəttin tələblərini yerinə yetirir. Təbii ki, normal, sağlam düşüncəli insanda onun dediyi tam əks effekt doğurur. Amma cəmiyyət yumşaq desək, təkcə belə insanlardan ibarət deyil.

Özümüzü aldatmamalıyıq, istənilən yalanı ani həzm etməyə hazır olan on və yüz minlərlə başqa insanlar da var ki, həmin tip bəyanatlar da belələrinə hesablanıb. Belələrinin üstünlüyü təkcə sayca çox olmalarında deyil, həm də öz “mövqelərində” israrlı (başqa sözlə – abırsız) olmaları və öz yalanından əl çəkməməsidir.

Bir neçə gündür sosial mediada trolların fəallığı xeyli artırılıb. Belə aktivlik həm zaman, həm də onların hədəfə aldıqları mövzu və şəxslər baxımından heç də təsadüfi deyil. Bu da öz növbəsində onu deməyə əsas verir ki, hakim çətə həmişəki kimi özünə təhlükənin ölkənin daxilindən gələ biləcəyindən ehtiyatlanır. Amma həm də qorxmur bundan.

Məhz elə ona görə hər mənada hədəfə alınanlar daxili tənqidçilər və opponentlərdir. Bizim təhdid saydığımı xarici amillər isə onlar üçün təhdid deyil, tərəfdaşlarının müvəqqəti şıltaqlığıdır. Yaranmış kiçik ziddiyyətləri də danışıb, anlaşıb, bölüşüb aradan qaldıracaqlar. Həmişə olduğu kimi. Bölüşmədən kənarda qalan addımbaşı təhqir etdiklər yoxsul xalq olacaq.

Buna görə bütün gücü də ona – xalqa qarşı yönəltmək lazımdır. Bugünkü şəraitdə maksimum parçalamaq əsas vəzifədir və bunun da öhdəsindən layiqincə gəlirlər. Təkcə Abid Qafarovun həbsinin artıq görünən nəticələri bunu deməyə əsas verir. Bəli, nəticələri, nəticəsi yox:

1. Abid bəyin inanclı olmasından istifadə edib sosial mediadakı agentlərinin və trollarının əlilə “İran agenti” böhtanını dövriyyəyə buraxdılar. Bu, bir əlamət üzrə parçalanma. Hələ saxta dünyəvilərin aqressivliyi, özlərinə əl qatması özü bir ayrı müzakirənin predmetidir. Alındı? Əlbəttə, özü də kifayət qədər uğurlu.

2. Abid Qafarovun üzünə qoyduqları işverənləri qazi kimi təqdim etməklə qaziliyi hələlik az da olsa, amma gözdən salmağa başladılar. Qazi intiharları epidemiyası şəraitində bu məsələyə münasibətdə də cəmiyyəti ikiyə böldülər. Bu da azmış kimi, qazilərlə “qaziləri” də qarşı-qarşıya qoydular.

3. Tərtər qətliamının araşdırılmasını istəyən onsuz da azsaylı kəsimdə qorxu və ümidsizlik yaratmaqğa çalışdılar. Buna nail ola bildilər? Əlbəttə, hələlik az da görünsə, amma alındı.
4. Cəmiyyətdə gedən müzakirələrin istiqamətini dəyişə bildilər? Bəli, ən azı buna start verdilər.

Daha çox bəndlər sadalamaq olar, amm düşünmürəm ki, buna ehtiyac var. Əsas odur ki, bütün bu sadalananlar və sadalanmayanlar fonunda əhalinin bəlkə də cəmi 10% istifadə etdiyi yanacaq markasının qiymətini qaldırmaqla bir sıra zəruri məhsulların qiymətinin artmasına nail oldular.

Bu yerdə sağlam düşüncəli, məntiqli insan sual verə bilər ki, amma bahalaşma özlərinə təhdid yaratmırmı?
Cavabi sadədir: xeyr, qətiyyən yaratmır. Yuxarıda deyildiyi kimi, bütün mümkün daxili təhdidlər çox rahat şəkildə idarə olunur.

Nəhayət, həmin suala elə sualla da cavab vermək olar: ümumiyyətlə siz ölkədə nə zamansa bahalaşmaya qarşı etirazların olduğunu görmüsünüz? Əsas məsələ də elə bu, sualın cavabıdır…

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın