Ərəstun Oruclu: Ölkədəki bütün siyasi partiyalar, ictimai birliklər Tərtər cinayətinin araşdırılması tələbinə qoşulmalıdırlarmı?

 

Tez-tez aldığım suallardan biri: “Niyə ölkədəki siyasi partiyalar, ictimai birliklər və vətəndaşlar Tərtərdə törədilmiş “Əsrin cinayətinin” araşdırılması çağırışlarına qoşulmurlar?”

Əvvəla, dəqiqləşdirək ki, bunu bütün partiyalara və ictimai birliklərə şamil etmək düzgün olmazdı, çünki münasibətlər olub və var da. Amma onu da etiraf etməyi özümə borc bilirəm ki, bəzi partiya və təşkilatların bu işə qoşulmamasına ancaq sevinirəm. Ona görə ki, bu halda aparılan mübarizə tamamilə fərqli bir kontekst ala bilər.

Elə qurumlar var ki, onların toxunduğu bütün məsələlər cəmiyyətdə ancaq əks – reaksiyalar doğurur, çünki onların anlayışları, yanaşma tərzləri və mübarizə (və ya “mübarizə”) üslubları buna şərait yaradır. Tərtərdə törədilmiş cinayət sıradan bir cinayət deyil, o, Azərbaycanda indiyədək baş verməyən, hətta baş verə biləcəyi təsəvvür edilməyən qanlı cinayətdir.

O, həm də sadəcə qanlı cinayət deyil, Azərbaycan xalqına, onun dövlətinə, ordusuna, mülki vətəndaşlara, ölkənin gələcəyinə qarşı törədilmiş planlı və məkrli təxribatdır. “Əsrin cinayəti” elə bir təxribatdır ki, onun ağrı-acısını hələ xeyli nəsillər çəkəcək. “Əsrin cinayətinin” müzakirəsi hələ onilliklər boyu davam edəcək.

Bu cinayət öz uzaqgedən məkrli, xəyanətkar məqsədləri və niyyətlərilə Azərbaycan xalqına elə bir çirkab yaxıb ki, onun nəticələrini bu gün aradan qaldırmasaq, həmin çirkabdan xalq olaraq bəlkə də əsrlər boyu təmizlənə bilməyəcəyik.

Ona görə də bu cinayətin araşdırılması və ictimailəşdirilməsi adi bir ictimai və ya siyasi fəaliyyət deyil, ölkənin və xalqın bugününün, sabahının, gələcəyinin müəyyən olunduğu döyüş meydanıdır.

Ona görə də belə bir döyüş meydanının kiçik hisslərin, cılız intriqaların, ötəri siyasi maraqların toqquşduğu meydançaya çevrilməsinə imkan vermək olmaz. Qaldı ki, bütün bunları əldə silah eləyənləri xalqın müqəddaratının həll olunduğu həmin meydana dəvət etmək… Bu, birmənalı olaraq yolverilməzdir!

Buna imkan versək, qısa zamanda Tərtər cinayəti ətrafında ən çirkin oyunlar başlanacaq və onda törədilmiş cinayət də açılmadan tarixə qovuşacaq. Budurmu, istədiyimiz? Xeyr, əsla! “Əsrin cinayətinin” bugünkü səviyyədə ictimailəşdirilməsi partiyalılığından və ya partiyasızlığından asılı olmayaraq bir qrup fədakar insanın sayəsində baş tutub. Bu yolla da davam etməliyik.

Fikrimcə, bu gün ən əsas vəzifəmiz hakimiyyətə bu cinayəti açmadığı halda tarixdə Tərtər qətliamını törətmiş hakimiyyət kimi qalacağını izah etməkdir. İzah etməliyik ki, vaxtilə mükafatlandırdığınız cinayətkarları bu gün israrla cəzalandırmamaqla, onlarla bir sırada yer alırsınız və bir sırada da qalacaqsınız.

İzah etməliyik ki, zakirhəsənovlar, nəcməddinsadıkovlar, xanlarvəliyevlər, hikməthəsənovlar, zakirqaralovlar və onlarla digər cinayətkarlar cəzalandırılmayınca, hərbçilərimizin təmiz adı bərpa olunmayınca, sizdən əl çəkən deyilik. Siz israrla cinayəti açmadıqca, biz də daha israrla üzərinizə yeriyəcəyik.

Bunun üçün Tərtər qətliamının araşdırılmasını tələb edənlərin xüsusi çəkisi də artmalıdır və artacaq da. Amma bu artım hər addımda öz yerüstü maraqlarını güdən fürsətçilərin deyil, vətəndaş məsuliyyətini duyan fədakarların hesabına baş verməlidir. Bu artım hər addımda hər cür təhdidlə, böhtanla, qarayaxma ilə üzləşməyə hazır olanların hesabına olmalıdır.

Qaldı sadə vətəndaşların susmasına, burda da razı deyiləm. “Əsrin cinayətinin” ictimailəşməsində əsas rol oynamış və oynayanların əksəriyyəti elə sıradan vətəndaşlardır. Onların hər biri öz imkanları çərçivəsində bu işə töhfəsini verib və verməkdə də davam edir. Sağ olsunlar, qarşılarında baş əyirəm!

Amma cəmiyyətdə insanlar da fərqlidirlər. Odur ki, onu qapıda saatlarla gözlədən “JEK” müdirinin katibəsindən haqqını tələb etmək cürəti olmayan insanlardan hakimiyyətdən Tərtər qətliamının açılması tələbini gözləmək, ancaq özünü aldatmaq demək olar. Özümüzü aldatmayaq, bu yola necə baş vurmuşuqsa, elə də davam edək.

Ərəstun Oruclu.

Bunu paylaş:

Bir cavab yazın