Ərəstun Oruclu: Ölkədə törədilən miqyaslı ağır cinayətlər niyə açılmır?

Hər bir vicdanlı insanı düşündürən, narahat edən, həyacanlandıran bir sual da budur ki, ölkədə törədilən miqyaslı ağır cinayətlər niyə açılmır?
Bu haqda dəfələrlə danışılıb və onun əsas səbəbləri olan ölkədəki qanunsuzluq, korrupsiya, insanlarımızın qanunun aliliyinə inamsızlığı və s. göstərilib.

Amma bir səbəb də var ki, onu nəzərdən qaçırmaq olmaz. Bu, ölkədə həmin cinyətləri törədənləri gizli, bəzən isə açıq-aşkar müdafiə edən nəhəng muzdlular ordusunun olmasıdır. Özü də söhbət həmin ordunun heç də hüquq-mühafizə və ya digər dövlət qurumlarında deyil, ölkənin ictimai-siyasi sektorunda kök salmasıdır.

Son illər gündəmi silkələyən Tərtər qətliamının və kiçik Nərminlə bağlı törədilmiş cinayətin ətrafında gedən müzakirələrin təhlili bunu deməyə əsas verir. Elə son hadisə – Tərtər cinayətinə sosial və digər mediada dəstəyi son günlərədək təmin edən Tofiq Şahmuradovun həbsi cəmiyyətdəki bir çox yaraları açıb göstərdi.

Tərtər qətliamına hələ hazırlıq mərhələsində ona dəstək məqsədilə xüsusi sosial media platforması yaratmağa başlayan Şahmuradovun kimliyi hər kəsə bəllidir. Onun görünməyən fəaliyyəti bir yana, hərçənd ki, orda da çox ilginc məsələlər var, elə Tərtərdəki qətliam zamanı cinayətlərə bəraət qazandıran sistemli fəaliyyəti əsas verirdi ki,:

1. Hələ uzun illər əvvəl ifşa və həbs edilməsi tələb olunsun;
2. Ona qarşı ciddi ictimai təpki göstərilsin;
3. Onu dəstəkləyənlər hədəfə alınsın;
4. Onun ordu ilə bağlı digər əməlləri də ictimailəşdirilsin;
5. O, həbs və mühakimə olunsun.

Amma biz bunun tam əksini görürdük və bu gün də görməkdəyik. Təsəvvür edin, yazı qabiliyyəti bir sətirdə 7-8 orfoqrafik səhvlərə yol vermək səviyyəsində olan bu məxluqun passiv yüzlərlə izləyicisi bir yana, onlarla aktiv dəstəkçisi də var və onun həbsinin ardınca ikincilər açıq hücuma keçiblər.

Tərtər qətliamının ifşasına görə şərlənən İlham Aslanoğlunun, Abid Qafarovun tutulmasına lal və kar olan “ekspertlər”, fəallar və hətta siyasətçilər (və ya özünü belə adlandıranlar) ölkə vətəndaşlarına və hərbçilərinə qarşı törədilmiş yüzlərlə cinayətin fəal dəstəkçisi (bəzən isə iştirakçısı) olan Şahmuradovun müdafiəsinə qalxdılar.

Sən demə, Şahmuradovun məlumat yaymaq hüququ pozulmuşdur. O zaman görəsən İlham Aslanoğlunun, Abid Qafarovun yaydıqları nə imiş və ya cinayətkar çətənin əlaltısının qətlə yetirilən günahsiz hərbçiləri, onların ailə üzvlərini “vətən xaini”, “satqın” sözlərilə damğalaması da məlumat yaymaq azadlığı imiş?

Əslində başlıca problem də belələrinin illərdir cəmiyyətə ictimai fəal, ekspert, hüquqşünas, siyasətçi kimi sırınmasıdır. Ümumiyyətlə ölkədəki bütün problemlərin əsas səbələrindən biri Azərbaycan ictimai-siyasi sektorunda hər qəbildən cinayətkar dəstələrə muzdlu xidmət göstərməyə hazır olan və göstərənlərin kök salmasıdır.

Amma ilk gündən dediyimiz kimi, Tərtər qətliamının ifşası ölkədə çox şeyi dəyişəcək və dəyişməkdədir. O, hələ onlarla, yüzlərlə maskalanmış, cildə girmiş muzdlu çuğulların iç üzünü açacaq və belələri artıq minlərlə insanı aldadaraq yanlış istiqamətə yönəldə bilməyəcəklər.

Tofiq Şahmuradovun 1 ay müddətinə həbsinə gəlində, heç mən də bunun tərəfdarı deyiləm, çünki o, çoxdan həbs və mühakimə olunmalı idi, özü də çox ağır maddələrlə. Amma məhz həmin bir aylıq həbsin bir çoxlarının “kürkünə birə salması” və onların ciddi narahatlığını üzə çıxarması xeyli mətləblərdən xəbər verir

İş o yerə çatıb ki, hətta Tərtər qətliamında fəal iştirak etmiş yüksək çinli canilər də müxtəlif yollarla mənə çıxış yolları axtararaq öz informasiya xidmətlərini təklif edirlər. Ümid edirəm, bunlara inanaqcaq dərəcədə sadəlövh və canilərlə istənilən bir sövdələşməyə gedəcək qədər vicdansız olduğumu düşünməyinizə əsas verməmişəm.

Əslində heç bir sövdələşmə təklifi də yoxdur, məqsəd Tərtər qətliamını ifşa edənlərlə müxtəlif bəhanələrlə kontakt qurmaqla onları gözdən salmağa nail olmaqdır. Təəssüf edirəm belələrinə görə, amma alınmayacaq. Ən azı ona görə ki, zaman və ünvan yanlış seçilib.

Bəndəniz belə metodları öyrənəndə bu gün ondan yararlanmağa çalışanlar masanın altında iməkləyirdilər hələ.
Hamınızdan üzrhaqlıq edərək belələrinə son mesajımı çatdırmaq istəyirəm: əgər birisi fahişəlik etmirsə bu, onun fahişə oyunlarını bilməməyi anlamına gəlməməlidir.

Ümumiyyətlə, bütün oyunları, oyunbazlıqları buraxıb cəzanızı çəkməyə hazırlaşın. Bu isə mütləq olacaq və bunu artıq özünüz də bilirsiniz. Həm də davranışınızla göstərirsiniz. O cümlədən Şahmuradovun da əslində niyə həbs olunduğunu özünüzü tülkülüyə vursanız da sizlər hamıdan yaxşı bilirsiniz…

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın