Ərəstun Oruclu: “Ölkədə ən qorxulu tendensiya nədir?”


“Ölkədə ən qorxulu tendensiya nədir?” soruşasanız deyərdim ki, cəzasızlıqdır. Cəzasızlıq Azərbaycanda yeni fenomen deyil, hələ sovet illərində belə Azərbaycan bir sıra Mərkəzi Asiya respublikaları ilə birlikdə bu mənada istisna təşkil edirdi. Bu da o deməkdir ki, bizdəki cəzasızlıq artıq xroniki xarakter daşıyır.

Ümumiyyətlə, cəzasızlıq ən pozucu amillərdən biri və bəlkə də birincisidir, çünki o, insanın daim can atdığı əsas təbii istəklərdən olan ədalət prinsipini pozur. Cəzasızlıq həm də cinayətkarlığın ruhlandırılması, onun alqışlanmasıdır. Xüsusilə də qanunlar, məhkəmələr, qaydalar cinayətkarların əlində silaha çevriləndə.

Bu isə artıq cəzasızlıq deyil, onun ağır fəsadıdır. Cəzasızlıq istənilən pozuntu kimi (məsələn, rüşvətxorluq, korrupsiya, oğurluq, şər-böhtan və s.) təkcə ədalət prinsipini pozmur, həm də mənəvi və əxlaqi dəyərlər sistemini dağıdır. Çünki cinayətkarın cəzasızlığını görən bir başqası bundan nümunə götürür.

Çünki cinayətin və cinayətkarın mükafatlandırılması cəmiyyətin əsaslarını sarsıdır, avam və cahil fərdlərin onlara sığınmasına yol açır, iradəsizləri cinayətə təhrik edir, “alimə”, “ziyalıya”, “sənətkara”, “jurnalistə” və ya bir başqasına belələrinə mədhiyyə deməyə şərait yaradır.

Təbii ki, belə xidmətlər də heç vaxt təmənnasız göstərilmir. İllərdir araşdırdığım Tərtər qətliamını o baş verən zaman ictimai rəyə tamamilə yanlış rakursdan “həzm etdirənlər” və beləliklə də faktiki cinayətin şəriklərinə çevrilənlər nəyə əl atdıqlarını yaxşı bilirdilər. Bilirdilər və bunların hamısını vətənpərvərlik cildinə girib edirdilər.

Ümumiyyətlə, ən alçaq əməllər daim ən yüksək dəyərlərin arxasında gizlənilərək törədilir, çünki əks halda onların haqlı olması barədə yalanı insanlara sırımaq qeyri-mümkün olardı. Tərtər cinayəti törədiləndə də belə olmuşdu. Amma o zaman baş verənləri hissə qapılmadan, bilgisizlikdən, məlumat qıtlığından və s. səbəblərdən atılmış yanlış addım hesab etmək olardı, bir şərtlə ki…

Bir şərtlə ki, o zaman həmin yaramaz əməlləri törədənlər cinayətin üstü açılanda səhv etdiklərini etiraf edib üzr istəyəydilər. Hadisədən 5 ildən artıq keçib, amma eyni məxluqlar bu gün də eyni əməlləri davam etdirirlər. Özü də daha həyasızcasına. Bu da azmış kimi, dünənədək onların haqqında ifşaedici tonda danışanlar bu gün belələrilə əlbir olublar.

Özü də yenə özləri haqqında vicdanlı, əxlaqlı, mənəviyyatlı vətənpərvər obrazı yaratmaqla edirlər bunu. Məsələ bununla da bitmir. Bu gün bir neçə informasiya resursu açıq-aşkar cinayətkarların ruporuna çevrilib, qatilləri və onların himayədarlarını reklam, bəzən isə aşıq şəkildə müdafiə edirlər.

Dünən “Tərtərdə casusluq olmayıb” deyən bəziləri bu gün bunun tam əksini iddia edirlər. Nədir bunun səbəbi? Doğrudanmı belələri öz iyrənc əməllərini yalnız pulun qarşılığında törədirlər? Bəli, bu səbəb var, amma tək o deyil: şantaj da var, cinayətkar çətəyə bağlı olan hansısa qohumunun təsiri də və başqa səbəblər də.

Amma əsas səbəb cəzasızlıqdır və cəzasızlıq təkcə hüquqi anlamda cəzanın olmaması deyil, həm də ictimai qınağın yoxluğudur. İctimai qınaqdan kənar qalan belələri mənəvi cəhətdən çox qısa zamanda aşınırlar (əgər əvvəldən hansısa dəyərləri və prinsipləri vardısa əlbəttə) və bu gün tutduqları yola daha inamla davam edirlər.

Davam etdikcə onlar özlərini əvvəlcə təhlükəsiz, ardınca rahat, sonda isə güvənli və hətta haqlı da hiss edirlər. Nəticədə biz belələrinin meydan sulamasının şahidi oluruq, bilgisiz bir çox insanlarımız isə onların qurbanlarına çevrilirlər. Çünki yuxarıda qeyd etdiyim kimi dünənə qədər sanki həqiqəti danışanın bugünkü sözlərinin yalan olduğunu hər kəs saf-çürük edə bilmir.

Nəticədə cəzasızlıqdan başlayan yol cəmiyyətdə çaşqınlıq yaradır, ağla qaranın, xeyirlə şərin, ədalətlə haqsızlığın yerini müəyyən etməyə mane olur. Onların yerləri səhv düşəndə isə cəmiyyətin dəyərləndirmə meyarları qarışır, mizan pozulur və bugünkü acı reallıqla üzləşməli oluruq.

Tərtər qətliamı bu məsələlərdə sadəcə bir nümunədir. Gəncədə, Tovuzda, Nardaranda və digər bölgələrdə törədilmiş cinayətlərə nə qədər bəraət qazandıranlar gördük… Cinayətkarı mələk, onun qurbanını isə günahkar kimi təqdim edən nə qədər yaramazların əməllərinin şahidi olduq. Ən pisi də elə həmin əməllərin şahidi olmağımızdır.

Çünki əslində onlara sərt təpki verməliyik, ağı qara və qaranı ağ kimi təqdim edənləri susdurmalıyıq, ifşa etməliyik, onların üzərinə getməkdən çəkinməməliyik. Ona görə ki, insanlıqdan aşağı əməlləri törədən onlardır, bizlər deyilik. Ona görə ki, onlar öz rəzil əməllərilə bizim də yaşadığımız cəmiyyətə təhdid yaradırlar. Deməli, bizə də…

Tərtər qətliamını araşdıranda özümə söz vermişdim ki, cinayətkarların tərəfini tutanlara baş qoşub enerjimi, vaxtımı, gücümü hədərə xərcləməyəcəyəm, mənasız mübahisələrə qoşulmayacağam. Amma bu gün anlayıram ki, mövqeyim yanlış olub, onların amansızcasına ifşa etmək lazım imiş.

Zamanında bunu etmiş olsaydıq indi İlham Aslanoğlu şərlənib tutulmazdı və bundan ruhlanan digər mənfur muzdlu məxluqlar Abid Qafarovu şərləməzdilər. Nəhayət, uzun illər cildə girib gizlənənlər bu gün iddialı şəkildə “Tərtərdə satqın olub” deməzdilər. Ən azı sübut tələb edib onu görməyəndə belələrinin böhtan atan iyrənc ağızlarını yumardıq.

Amma heç bu gün də gec deyil. Odur ki, bu yazıda ad çəkməməyimə təəccüblənməyin, bundan sonra hamısı adbaad deyiləcək. Deyləcək ki, özlərini rahat hiss etməsinlər və heç olmazsa 3-5 insan onlardan nəyin müqabilində və neçəyə cinayətkarlara xidmət göstərdiklərini soruşsunlar.

Bunu etməsək cəzasızlıq davam edəcək, artacaq və bir gün ayılıb görəcəyik ki, ətrafımızda çoxluq şər kimi tanıdığımızı haqq kimi, böhtanı həqiqət, cinayəti isə saf əməl kimi təsəvvür edir. Buna isə heç bir halda yol vermək olmaz, çünki alçaq əməllərin qorxulu cəhətlərindən biri də onların sərhəddinin olmamasıdır.

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın