Ərəstun Oruclu: Ölkə gündəmini zəbt edən xəbərlər kriminal məkanın xronikasını xatırladır

Ölkə gündəmini zəbt edən xəbərlər kriminal məkanın xronikasını xatırladır. Belə təəssürat yaranır ki, sanki ölkə zorakılıq dalğasına düşüb və ondan çıxa bilmir. Ailə-məişət zorakılığından tutmuş hərbçilərə, məktəblilərə və nəhayət, inkişafında qüsurlar olan körpə uşaqlaradək az qala hər kəs zorakılığa məruz qalmaqdadır.

Əslində “az qala” ifadəsi yersizdir, çünki belə də var. Fiziki zorakılığa məruz qalmadığına sevinənlər addımbaşı mənəvi, psixoloji və ya maddi zorakılığa məruz qaldıqlarının sadəcə fərqində deyillər. Ya da elə hamısına birdən. Belə olmasında da təəccüblü heç nə yoxdur, çünki dövlət və hakimiyyət orqanlarının ifrat kriminallaşdığı məkanda başqa cür ola da bilməz.

İndi az qala hər kəs “Mehnur” reabilitasiya mərkəzində körpə uşaqların zorakılığa məruz qalmasından danışır, amma kimsə düşünmək istəmir ki, niyə illərdir Tərtər qətliamı haqqında danışırıq, cinayətkarları ifşa edirik? Təkcə ona görə ki, insanlar zorakılığa məruz qalıb, şikəst edilib, öldürülüb?

Bəli, amma təkcə buna görə yox ki, onların hamısı baş verib, həm də onu törənlərin cəzasız qalmasına, əksər hallarda da mükafatlandırılmasına görə. Həm də insan üçün ən təbii tələbatlardan biri olan ədalətin bərpasına görə. Həm də ona görə etiraz, ifşa edirik ki…

Ona görə etiraz, ifşa edirik ki, cəzasızlıq, özbaşınalıq sərhəd, hüdud tanımır. Ona görə ki, cəzasızlıq cinayətkarlar üçün mükafatlandırılmaq və həm də yeni cinayətlərə ruhlandırılmaq deməkdir. Bu gün baş verənlər, sabah törədiləcəklər illərdir minlərlə vətəndaşa qarşı törədilmiş vəhşiliklərə susqunluğun nəticəsidir və həmin susqunluq davam etdikcə zorakılıqlar da davam edəcək.

Amma onlar təkcə davam etməyəcək, həm də daha azğın, daha qəddar xarakter və daha böyük miqyas alacaq. Dialektik qanunauyğunluğa görə təsir əks-təsirlə üzləşənədək davam edir. Odur ki, bir gün bütün bunların öz-özünə bitəcəyi kimi xülyalara dalaraq çox da optimist olmaq lazım deyil və bunun üçün heç bir əsas da yoxdur. çünki bizim bütün “qırmızı xətlərimiz” keçilib artıq.

Baş alıb gedən zorakılıqdan, durmadan artan özbaşınalıqdan xilas olmaq, qorunmaq üçün isə ilk növbədə bütün mümkün olan (və hətta olmayan) yollarla həmin xətləri bərpa etməliyik. Qırmızı xətlərin isə qanundan tutmuş qarşılıqlı zorakılığadək çox müxtəlif formaları ola bilər. Zorakılıq yalnız adekvat reaksiya ilə üzləşəndə bitir. Zorakılığın dili. məntiqi, təbiləti, fəlsəfəsi budur.

Onlardan hansının tətbiq olunmasının isə artıq əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan hədəfdir. Hədəf isə bəllidir: istər bütövlükdə cəmiyyətin, istərsə də ayrl-ayrılıqda fərdlərin müdafiəsini, təhlükəsizliyini təmin etmək, insanların adicə yaşamaq hüququnu bərpa etmək. Bunları nəyin bahasına olursa-olsun etmək. Vəssalam!

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın