Əliqaraya qoşulmaq

                    Bu gün insanları ən çox narahat edən rus qoşunlarının Qarabağa gəlməsi məsələsidir.Bəzən məndən də soruşurlar. Cavab verməkdə düzü cətinlik çəkirəm. Çətinliyim ondan ibarətdir ki,cəmi bir cümlədən ibarət olan suala gərək yarım saat cavab verəsən.Bir gecəlik söhbətin min gecə mabədi olan kimi.
Yadıma gələn vaxtların söhbətidir. Qarabağda iki ailə və ya nəsil arasında qan davası düşəndə hörmətli bir ağsaqqal araya girərdi.Düşmənçiliyə başlayan ailələrin böyüklərilə oturub bir-iki saat söhbət edərdi və bununla da məsələ bitərdi.Ağsaqqal nüfuzu problemi çözələyərdi. Tərəflərdən heç biri daha bundan sonra  artıq-əskik iş görməzdi.
İndi Azərbaycanla Ermənistan arasındakı münaqişəni Rusiya çözələmək qərarına gəlib,yəni Qarabağdakı ağsaqqlın yerişini bir az böyük miqyasda yerimək istəyir.
Tarixə nəzər salsaq görərik ki, doqquzuncu əsrdə Novqoroda razborkaya çağrılan varyaq Rürixdən üzü bəri rusların dövlət kimi bir dəfə də olsun ləyaqlı ağsaqqallığı olmayıb. Əksinə,qan çıxmayan yerdən qan çıxarıblar. Xalqlar arasında  ədavət yaradıb,hər ikisini bir-birinə qırdırıblar. Tarixləri boyu dovşana qaç, tazıya tut deyiblər.Ölkəmizdəki ruspərəstlər qayıdıb deyə bilərlər ki, bu rus daha çəlləkdə çimib, ”чур меня” deyən rus deyil,onda gərəkdir ki,mən də dediklərimin təsdiqi üçün faktlar və rəqəmlər çıxarıb qoyam ortaya və deyəm ki,bu rus o rusdan nəinki fərqli deyil, bəlkə də betərdir.Rusiyanın dünyanın siyasi arenasındakı mövqeyi mənbilən hamı üçün aydındır.Buna vaxt itirməyək.Daxilindəki vəziyyəti necədir?Diqqətimizi ona yönəldək. Necə deyərlər, əvvəl evin içi, sonra çölü.
Məsələ burasındadır ki, bu gün Rusiyanın istər bir dövlət və ya bir millət kimi deqradasiyasını əks etdirən faktları,rəqəmləri Rusiyanın rəsmi orqanlarından almaq asan iş deyil.İqtisadiyyatla bağlı rəqəmləri gizlətmək olmur.Amma bütövlükdə dövlətin maddi və millətin mənəvi durumunu əks etdirən rəsmi statistik rəqəmlər təhriflidir və bacarıldığı qədər ört-basdır erilir. Ona görə də bizim  müqayisə rəqəmlərimiz əsasən  Rusiyanın 2000 və 2010-cu illəri arasındakı fərqi əks etdirəcək. Bu rəqəmlər həm dəqiqdir, həm də nəticə çıxarmağa imkan verər.2010-cu ildən sonrakı rəqəmlər,söz yox ki, əvvəlki illərdəkilərdən pisdir ki, yaxşı deyil.Statistika da hiss yoxdur, əksinə quruluq var və bu quruluğa görə kanalı dəyişməyin, hər bir rəqəmə xüsusi diqqət verin.
2000-ci ildə Russiya Federasiyasında 68 100 orta məktəb olub.
2020-də bu rəqəm 40 800-ə enib.Yəni 27 800 məktəb azalıb.
Bu, Rusiyada təhsilin göstəricisidir.
Keçək səhiyyəyə.
2000-ci ildə Rusiyada 10 700 xəstəxana olub.
20 ildən sonra 5 300-ə enib.Yəni 5 400 xəstəxana azalıb.
Bu da cəhiyyənin göstəricisidir.
2000-ci ildə Rusiya vətəndaşlarının yaşadığı 9 500 000 kvadrat metr mənzil qəza vəziyyətində olub.Yəni hər an başlarına uça biləcək vəziyyətdə.
2020-ci ildə bu rəqəm iki dəfə yarım artaraq 25 500 000 kvadrat metr olub. Bu da bunların məişətləri.
2000-ci ildə Rusiyada məmurların sayı 1 161 500 nəfər olub.
20 il sonra bu rəqəm nə az, nə çox, 2 dəfə artaraq-2 156 300-ə qalxıb.Məmurun nə demək olduğunun düşünürəm ki,izaha ehtiyacı yoxdur.Millətin qanını soran bir təbəqə.
Keçək rus xalqının mənəvi və sosial durumuna.2010-cu ilin statistikasına görə qocalar evinə atılanların 10-dan 8-nin övladı var.Yəni övlad valideyndən imtina edib.Ruslarlar təkcə onları dünyaya gətirənlərdən imtina etməyiblər,özlərinin dünyaya gətirdiklərinə də eyni münasibət göstəriblər.Uşaq evlərinə atılmış körpələrin 80 faizinin valideyni sağ və salamatdır.Rus xalqının mənəvi aşılanmasının ən dəqiq göstəricisi bu rəqəmlərdir. Bu statistikaya görə Rusiya dünya dövlətləri arasında birinci yerdədir.
2010-cu ilin göstəricinə görə Rusiyada hər il bülüq həddinə çatmayan 1700 uşaq zorlanır və öldürülür.Yəni hər gün 5 azyaşlı uşaq zorlanır və öldürülür.
10 il bundan əvvəlin göstəricisinə görə hər il narkotikdən 30 000  adam dünyasını dəyişir. Təqribən Şamaxının əhalisi qədər.Alkoqoldan isə hər il 70 000 adam ölür. Müqayisə üçün deyim ki, 10 illik Əfqanıstan müharibəsində cəmi 14 000 əsgər ömüşdü.

Ölkədə korrupsiya hallarının sayı 2 dəfədən çox artıb.
Məhkəmələrdə ədalətin vəziyyətini təsvir etmək çətindir, bir  misalla kifayətlənəcəm. Müvəqqəti saxlama tədricxanasında döyülərək öldürülən,hüquq müdafiəçisi Maqnitskiyə Rusiya məhkəməsi ölümündən sonra cəza vermişdir.17  əsrdə belə bir məhkəmə qərarı İngiltərədə Oliver Kromvelə çıxarılmışdı.
Bu gün Rusiyanın Şərqinin bir kvadrat kilometrində cəmi 2 adam yaşayır.2000-2010-cu illər arası Sibirdə 11 000 kənd,290 şəhər yer üzündən tam silinmişdir.Yenə də 10 il bundan əvvəlin statistikasına görə Rusiya vətəndaşlarının 50 faizindən çoxu kasıblıq həddində yaşayər. Bu günü ondan da betərdir.
Rəqəmlər çoxdur,hamısını sayıb başınızı ağrıtmaq istəmirəm. İstərdim ki,Rusiyapırıstlər sadaladığım və  sadalaya bilmədiyim faktlara diqqət yetirsinlər.Və istiqaməti seçməkdə yanılmasınlar.
Bu gün Ermənistanda Paşinyanın reytinqi təqribən döşəmədəki plintus səviyyəsindədir.Bu siyasi durumu yaradan və durmadan kürəkləyən Moskvadır.Səbəb birdir,Paşinyan üzünü Qərbə tutub.İstiqamətini ABŞ-a müəyyənləşdirib.Bu isə Moskvanı qane etmir.
Farslar demiş “be çe səbəb”? Səbəb odur ki,Paşinyan ölkəsində demokratik bir cəmiyyət qurmaq istəyir.Ölkəsinin inkişafını yalnız demokratik idarəetmədə görür.İndi Paşinyan neyləsin ki, pambıq satanın ağ itdən nə qədər zəhləsi gedirsə Rusiyanı idarə edənlərin də demokratiyadan elə o qədər zəhləsi gedir.Bu gün Rusiya problemi təkcə Paşinyanın problemi deyil,bütün bəşəriyyətin problemidir.
Bilirəm rəqəmlərlə bu gün sizin nəfəsinizi kəsdim,amma sonuncu rəqəmi deməsəm elə bilərəm ki, söhbətim yarımçıq oldu.
10 il əvvəl Rusiya Federasiyasının ÜDM-nın həcmi ABŞ ÜDM-nun cəmi 14 faizini təşkil edirdi.Bu gün həmin rəqəm 7.8 faizə enib.Əgər rəqəmlər sizə heç nə demədisə sözlə deyim. ABŞ-ın cəmi bir ştatının büdcəsi bütün Rusiya Federasiyasının büdcəsindən artıqdır.
Söhbəti  Qarabağla  başladıq,elə Qarabağla da bitirək.
Ağdamda 12-13 yaşlarında Əliqara adında həddindən artıq nadinc, tərbiyəsiz,yetənə-yetən yetmədiyinin ardınca daş atan bir uşaq olub.Söhbət o vaxtların söhbətidir ki, uşaqlar məktəbdən gəlib yemək yeyib, səhərisi günün dərslərini hazırlayandan  sonra, həyətdə oynamağa anaları icazə verməsə gedə bilmirdillər.Analar da icazə verəndə mütləq qeyd eləyirmişlər ki, “Get,amma Əliqaraya qoşulma”. Bu,tapşırıq istisnasız olaraq Ağdamdakı bütün anaların dilində bitmişmiş . Və hər bir evdə “Əliqaraya qoşulma” tapşırığı heç verilməsə gündə azı bir dəfə verilirmiş. Əliqaranın da bundan xəbəri varmış, amma üstün vurmurmuş.Necə deyərlər öz kəramətinə bələdiymiş. Və həmin Əliqara da içazəsiz-filansız həyətə düşəndə anası hər dəfə arxadan səslənirmiş ki. ”Bala pis uşaqlara qoşulma”. Əliqara anasının bu tövsiyyəni bir dəfə qulaqardına vurur,iki dəfə vurur, on dəfə vurur,axırı dözə bilmir və qayıdıb anasına deyir ki,” rəhmətliyin qızı Ağdamda o ana tapmazsan  uşağına tapşırmasın ki,Əliqaraya qoşulma, sən də yapışmısan bu sözün ətəyindən ki, pis uşaqlara qoşulma”.
Sözümün canı odur ki, amanın bir günüdür, prezidentimiz pis uşaqlara qoşulmasın.

Emin Eminbəyli.

22 dekabr 2020.

 

Bunu paylaş: