Əli ocağı və İsa piri

 

Biz bütpərəst millətik, və bunu isbat etməyə də ehtiyac yoxdur. Dünyada bizi müsəlman adlandırırlarsa da, bu da yanlış fikirdir, çünki biz müsəlman deyilik, bütpərəstik. Allahı da biz bütləşdirmişik. Məhəmməd də bütümüzdür, Əli də, Hüseyn də, Həsən də və sairə hamısı bizim bütlərimizdir. Müsəlman bir olan Allaha itaət edənlərə, dualarını tək ona ünvanlayanlara deyirlər. Azərbaycanda isə belə bir adama rast gəlmək mümkün deyil ki, üzünü hər zaman tək Allaha tutub dua eləsin və deməli biz müsəlman deyilik.

Şəxslərdən savayı başqa tövr bütlər də qayırmışıq Azərbaycanda – ocaq, pir, qəbir, seyid, ələm və sairə. Hərdən belə ifadələr rast gəlinir, məsələn, “bu Əli ojağı haqqı”, “bu ələm haqqı”, “Şıxeyib (Şeyx Əyyub) baba piri haqqı”, “Füğara seyidin cəddi haqqı” və sairə. Hələ üstəgəl, bu obyektlərin hamısının həndəvərində Allahşükür bankının filialları fəaliyyət göstərir və bütləri ziyarətə gələnlər həmin banklara pul köçürürlər. Müsəlman hara, nəzir hara?! Guya Allahşükür bu pulları yığıb Allahın vahid bankına köçürəcəkmiş və Allah da həmin bankdan kasıba-kusuba yardım edəcəkmiş.
Əlqərəz, bütün bu obyektlərin əksəriyyəti köhnədən qalma obyektlərdir. Amma son illər ərzində də bir neçə təzə obyektlər yaranıb, məsələn, Əli oсağı, İsa piri və sairə. Hərdən onların məkanlarında da moizələr oxunur və fətvalar verilir. Dinləyənlər də çox bəyənirlər və təkidlə iddia edirlər ki, malades, vallah hələ heç yerdə belə moizə oxuyan olmayıb, avaz yerində, üslub yerində, pryamoy adamın ruhuna nüfuz edir. Bütpərəstlər nə təhər ağız dolusu danışırlarsa, adam istəyir elə özünü birbaşa həmən ocax və pirə diri-diri qurban eləsin. Amma insafən eliyənlər də var, xeyir tapmasalar da, inanırlar ki, o biri dünyada mütləq xeyir tapacaqlar. Yəni bu dünyada həyatını Əli ocağına və ya İsa pirinə qurban eləmisənaə, əmi canı, qətti narahat oluf elləmə, o dünyada divanın başında, taxtın üstündə yerin hazırdır, uje indidən, qarantiyası zadı da möhürlü, ştamplı hazırdır.

Azərbaycanda müxalifət Elçibəy rəhmətə gedəndə komaya düşdü və iki min üçüncü ildə də komadan ayılmadı və öldü. Ondan sonra da həmin müxalifətin qəbrini ziyarətgah elan elədilər, Allahşükür kimi adamlar; bir dəstə Azərbaycan adamı deyir ki, bu Əli ocağıdır, başqa bir dəstə Azərbaycan adamı isə iddia edir ki, yoox bu İsa piridir. Camaat da öz qəlbində tutduğu niyyətlərlə bir qismi Əli ocağına, bir qismi də İsa pirinə pənah aparır. Amma çifayda, hələ ki ötən iyirmi il ərzində bir nəfərin də niyyəti hasil olmayıb. Əksinə, ocağa, pirə üz tutanlar ya şil-şikəst olublar, ya qazamata düşüblər, ya da işsiz-gücsüz qalıb avara, səfil həyatı yaşamağa düçar olublar.

Hərdən bəzi yoldaşlar təklif edirlər ki, gəlin bu ocaxları, pirləri birləşdirib imamzada kimi bir şey qayıraq, və hamı bir ocağa üz tutsun. Amma heç deyən yoxdur ki, tarix boyu ocaqdan, pirdən bir xeyir tapan olmayıb axı, təkcə ocağı, piri kurasiya edənlərdən savayı.
Bu Əli ocağı haqqı və bu İsa piri haqqı düz deyirəm…

Nurəddin Kaqan.

Bunu paylaş:

Bir cavab yazın