Əksər insanların buna ehtiyacı var.

 

Hardasa oxumuşdum. Tut ağacına çıxıb özünü asmaq istəyən bir qadın danışır ki, ağacın ən hündür yerinə çıxdım. Bir-iki dənə tut yeyəcəkdim, bir də gördüm, girişmişəm tuta. Uşaqlar da ağacın dibinə yığılışdılar. Onlar üçün tut dərməyimi istədilər. Köynəyimin ətəyini çırmayıb dərdiyim tutları da yığdım ora. Düşdüm ağacdan. Ağacdan düşəndən sonra yadıma düşdü ki, özümü asmağa çıxmışdım ağaca. Daha bir də qalxmadım ora, kəndir də qaldı orada. Yəni tut və uşaqlar məni intihardan qurtardı. Görürsüz, oxuduqca insanın İçinə qəribə bir xoşbəxtlik hissi doldu. Bəzən tanımadığın birinin bir şirin sözü, bir təbəsümlü baxışı hayatı sənə sevdirər. Bilirsiz, doğmalıq bir qarını yox, içindəkiləri bölüşməkdi.
Danışmaq… Əksər insanların buna ehtiyacı var. İnsanlar dərdini deyəcək birisini axtarar. Fikirlərini bölüşəcəyi, birlikdə gülə biləcəyi, şənlənə biləcəyi, onu bütün tərəfləri ilə qəbul edib, ittiham etməyəcəyi birisinə ehtiyac duyar.

Tapmadıqca sıxılar. Gərginləşər. Ruhi çöküş yaşayar. Amma, ölüm gəlməyənə qədər acılar bitməz. Ən böyük acı da ölüm deyil. Əslində ölməkdən yox, ölməmişdən qabaq yaşaya bilməməkdən qorxar insan. Çox görmüşəm ki, həyatı istədiyi kimi yaşayanlar sonda ölümü də çox asanlıqla qəbul edir. Arzuları, istəkləri basdırılan insanlar ölmək istəmirlər. Birisinin danışmağa ehtiyacı olanda ona yazın. Amma, vəziyyətindən istifadə etməyin. Bircə dəfə də olsa, nəyisə sui-istifadə etməkdən yan qaçın. İnsanları parlaq gələcəyə aparmaq üçün ümid lazımdır. Ümid axtaranlara ümid olun. Bunlar çətin deyil. Səy göstərin.

Ülvi Novruzov.

Bunu paylaş:

Bir cavab yazın