Şəhidlərimizin ucuz tutulduğu bazarlıq alınmadı

 

Bir neçə aydan sonra Ermənistanda parlament seçkiləri keçiriləcək. Müharibədə məğlubiyyətə uğramış Paşinyan hökuməti, ictimaiyyətin və müxalifətin təkidi ilə növbədənkənar seçkilərə getməyə məcbur oldu. N. Paşinyan, bu seçkini parçalanmış Ermənistan cəmiyyətinin yenidən birləşməsinin yeganə yolu hesab edir.
Rusiya prezidenti Vladimir Putin isə risk etmək istəmir, yəni Ermənistanda hakimiyyət məsələsini seçkidən əvvəl həll etmək istəyir.
Odur ki, o, iki gün əvvəl N. Paşinyanı Kremlə çağırdı. Məqsəd Ermənistanın baş naziri ilə bazarlıq etmək idi. Putinin şərtlərinə razı olması müqabilində Paşinyan, Azərbaycanın əlində olan erməni əsirlərini ( əsilində terrorçularını) geri almalı idi.

Bu barədə əvvəlcədən hər şey hazır idi və hətta Rusiya “sülhməramlılarının” başçısı Rüstəm Muradov da Bakıya gəlmişdi, təyyarə də hazır idi. Lakin görünən odur ki, son anda Paşinyan Putinin şərtlərinə boyun əyməyib və razılıq pozulub. R. Muradov və terrorçuları aparmağa gələn təyyarə Ermənistana boş qayıdıb. 10 noyabr atəşkəsindən sonra dörd nəfər Azərbaycan əsgərini şəhid edən, bir nəfərini isə yaralayan həmin terrorçuları Azərbaycan hakimiyyəti, çox ucuz bir bazarlıq obyektinə çevrib, Putinin tələbi ilə Ermənistana verməli idi.
Bazarlıq baş tutmayanda isə Azərbaycanın, diplomatiyadan xəbəri olmayan, baş diplomatı – xarici işlər naziri Ceyhun Bayramov dili dolaşa – dolaşa, nitqində kobud səhvə yol verə – verə verdiyi izahat məntiqsiz və mənasız idi.

Başqa bir faktı da qeyd edək ki, Ermənistanda ruspərəst qüvvələrin hakimiyyətə gəlməsi Rusiyanın Cənubi Qafqazda daha da möhkəmlənməsi, həm də Ermənistanın mövqeyinin güclənməsi deməkdir. Özünü Rusiyanın Azərbaycandakı vassalı kimi aparan İ. Əliyevi isə öz kreslosu maraqlandırır, Azərbaycan xalqının taleyi yox.
Bir aydan çoxdur ki, Azərbaycan ictimaiyyətinin yuxusunu ərşə çəkən, dəhşətli Tərtər qətliamına reaksiya verməyən Azərbaycan hakimiyyəti, müharibə zamanı erməni əsirlərinə qarşı kobud davrandığı üçün bir neçə hərbçimizi həbs edib.
Nə isə… Azərbaycanda ciddi hakimiyyət böhranı var. Bizim Milli hakimiyyətə ehtiyacımız var. Bu hakimiyyətin bünövrəsi haram və qan üstündə qurulub və heç vaxt düzələn deyil.

Şahin Sirvanlı.

 

Bunu paylaş: