Şəhidimiz var Azərbaycan: Müharibə qaçılmazdır, amma….

Tovuz bölgəsində yenə də gərginlikdir: dünən axşam düşmənin dronu vurulub, bu gün isə ehtiyatda olan hərbi xidmətçilər döyüşə çağrılır. Artıq bir şəhidimiz var: bu, Tovuz rayonu, Qazıqulu kənd sakini Elşən Əli oğlu Məmmədovdur, Allahdan bütün şəhidlırimizə rəhmət diləyirik.
Hələ rəsmi səfərbərlik elan olunmayıb. Xalq da artıq “lazım”ı gözləməkdən bezib, qürurunun tapdalanmağından, üzüqara, gözükölgəli qalmaqdan bezib. Nə qədər şəhid vermişik, amma bir qarış torpağımız geri alınmayıb. Yenə də minlərlə könüllülərimiz var. Biz torpağımızdan vaz keçməmişik və heç zaman da vaz keçməyəcəyik. İndiyə qədər məğlub olmağımızın əsas səbəbi ordunun və ümumiyyətlə güc strukturlarının başında Nəcməddin kimi satqınların, düşmənin olmasıdır. Azərbaycanı neçə illərdir rusun agentləri idarə edir və həmin agentlər hələ də o postlardadırsa biz necə qələbə qazana bilərik? Belə çıxır ki, döyüşə gedən əsgərlərimiz yenə də boş yerə vuruşur, şəhid olur? Generalımızın kordinatlarını verənlər nə qədər ki, yerindədir, qələbədən danışmağa dəyməz. Gəlin özümüzü aldatmayaq. Ordu rəhbəri, XİN, DİN tutduğu vəzifədən dərhal uzaqlaşdırılmalı, cinayət məsuliyyətinə cəlb olunmalı və o postlara təmiz, vətənpərvər şəxslər təyin olunmalıdır. Ordunun başında düşmənin olduğunu bilə-bilə bu yolda hakimiyyəti dəstəkləyənlərin səmimiyyətinə inanmıram. Bu gün efirdə Pənah Hüseynov müharibə başlayarsa prezidenti dəstəklədiyini bildirdi, yadıma 93-cü il düşdü; o zaman Elçibəyi ətrafında olanların heç biri ( Pənah da həmçinin) nəinki dəstəkləmədi, əksinə arxadan vurdular. İndi isə Nəcməddin kimilərə ordunu etibar etmək özü xəyanətdir. Məncə qalib gəlmək üçün ilk növbədə satqınlar zərərsizləşdirilməlidir.

İmza; Yaqut Xəlilova

Bunu paylaş: