İlham Əliyev AXC-dən nə istəyir?

Dünən İlham Əliyev Kəlbəcər rayonunun işğaldan azad olunması ilə bağlı xalqa müraciət etmişdir. Cənab prezidentin bu çıxışında səsləndirdiyi biyabırçı və provakativ ifadələr işlətməsi xalqın ona verdiyi dəstəyi kölgə altına salacaqdır. Mən bir vətəndaş olaraq mövqeyimi bildirərək prezidentin bu çıxışını qınayır və tənqid edirəm.

İlham Əliyev çıxışında Kəlbəcərin və digər Qarabağ ətrafı rayonların işğal altına düşməsində o zamanki AXC hakimiyyətini günahlandırmışdır. Lakin Əliyev unudur ki, torpaqların işğal altına düşməsində, itirilməsində bilavasitə atası mərhum Heydər Əliyevin çox böyük rolu olmuşdur. Məhz Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Qarabağ və ətraf rayonları Heydər Əliyevin sayəsində ermənistan tərəfindən işğal edilmişdir.

“Bütövlükdə Dağlıq Qarabağın işğal olunmasında o zamanki Azərbaycan Xalq Cəbhəsi günahkardır” deyən Əliyev, unutma ki, xalq hər şeyi çox gözəl bilir. Ağı qaradan ayırmağı bacaran xalq Dağlıq Qarabağın əslində atan mərhum Heydər Əliyev tərəfindən verildiyini də gözəl bilir. Atan Heydər Əliyevin buraxdığı səhvləri utanmadan Xalq Cəbhəsinə atmaq sadəcə biyabırçılıqdır. Əgər sən dediyin kimi Qarabağı AXC hakimiyyəti satmışdısa bəs nəyə görə bu pafoslu çıxışı Ağdamın azad olunduğu gün söyləmədin?

27sentyabr tarixindən mən və mənim kimi digər siyasi fəallar 44 gün müharibə şəraitini, Azərbaycan dövlətinin maraqlarını nəzərə alaraq milli həmrəylik göstərdik, xalqla bərabər birlik nümayiş etdirdik. Lakin görünən isə odur ki, sən hələ də bir dövlət başçısı olaraq müxalifətə olan nifrətinə son verməmisən.

Bu gün güc-bəla ilə yaranan milli birliyə, belə pafoslu və nifrət dolu çıxışlarla xələl gətirirsən. Müxalifəti linç etməkdənsə, kin-nifrət qusmaqdansa bu gün torpaqları üçün canından keçən şəhidlərimizin ailələrinə, yaralılara sahib çıx, dəstək ol. Bir hökümət başçısı olaraq cəmiyyətə əl uzadaraq sahib çıx, dəstək ol. Sənə dəstək olan xalqını şəxsi ədavətinə qurban etmə.

İlham Əliyev, sən bu çıxışınla bir daha sübut etdin ki, sənə milli birlik gərək deyil, sənin qurduğun daxili struktur dəyişməyəcək və hər zaman  olduğu kimi qərəzli mövqeyinlə hakimiyyəti idarə etməyə davam edəcəksən.

Cənab İlham Əliyev, o zamanki AXC, hakimiyyəti itirmək bahasına belə olsa da işğalçı rus qoşunlarını ölkədən çıxarmağa müvəffəq oldu. Ancaq bu gün sən tam tərsinə olaraq işğalçı rus qoşunlarının ölkə daxilində yerləşməsinə razı oldun. 1990-94 cü illərdə sən özün harada idin? Hansı döyüş bölgəsində vətəni müdafiə edirdin? Sən 90-larda Moskvada kef içində yaşayanda o zamanki AXC hakimiyyəti vətənin müdafiəsi üçün ön cəbhədə döyüşürdü. Ona görə də sənə məsləhətim, AXC hakimiyyətinə ləkə atmaqdansa, ilk öncə öz keçmişinə nəzər yetir, cənab Əliyev.

AXC-ni şərləməklə, ləkələməklə özünə divident qazanma, cənab Əliyev. Bu cür divident qazanmağı sizə bir ölkə başçısı olaraq yaraşdırmadım.

Və sonda deyəcəyim: İlham Əliyev, sən 100 il də keçsə Azərbaycan xalqının Elçibəyə bəslədiyi sevgini, sayğını nəinki qazana bilməyəcək, hətta sildirə belə bilməyəcəksən!

Əziz Əzizli.

Bunu paylaş: