İki məmur, bir dəst- xətt

 

Tərtər qətliamının, Azerfreedom TV başda omaqla, sosial şəbəkələrdə qızğın müzakirəsi getdiyi vaxtda, zərərçəkənlərin ah – naləsi yeri – göyü lərzəyə gətirdiyi halda, Azərbaycan hökumətinin cınqırı belə çıxmır. Əvvəllər belə vaxtlarda, məsələn Paşinyan Şuşada at oynadanda İ. Əliyevdən səs çıxmazdı. Biri deyirdi ki, infarkt olub, başqası deyirdi ki, ölkədən qaçıb.
Nə isə, adam ortadan yox olurdu.
Çünki deməyə söz tapa bilmirdi.
Və ara səngiyəndə isə çıxıb hansısa torpaqların “alınmasından” danışardı – Cəbrayılı, Ağdamı, Lələtəpəni belə almışıq. Dalınca da ənənəvi AXC – MÜSAVAT “satqınlığı” və sairə, yəni ritorika bu idi.

İndi isə Azərbaycanda nə baş verir? Ölkə ədalətsizlik girdabında çapalayır, adına “prezident” deyilən bu “müzəffər ali baş komandan” ( dünyanın heç yerində belə bir epitet yoxdur) dalbadal Şuşaya səfərlər etməklə gözə kül üfürür.
Yadıma Ə. Vəzirov düşdü.
“Bambılı” ləqəbli, o zamankı Moskvanın Azərbaycandakı baş canişini – KP MK – nın Birinci Katibi –
Qarabağ müharibəsinin başlanğıcında xalqın müdafiəsini təşkil etmək əvəzinə, qoz ağacı əkməyi məsləhət görürdü.
Nəticədə Qarabağ işğal olundu.

Bu gün də həmin siyasət davam edir. Ordunun ön cəbhədə olan generalının əsgər və zabitlərimizə divan tutması, öldürməsi haqqında, yəni Vətənə xəyanət faktları adamın gözünü deşir, bu işə birbaşa cavabdeh olan şəxs isə Vəzirovsayağı bambılılıq edir.
Belə çıxır ki, sabah – Qarabağda, Allah göstərməsin, bir uğursuzluq olsa, yenə İ. Əliyev ya susacaq, ya da AXC- Müsavat hakimiyyətini suçlayacaq.

Şəxsən mən bu adama güvənmirəm.
Bəli, görünən odur ki, İ. Əliyev xalqın fəryadına səs vermək əvəzinə, Şuşada paxlava yeyir. Paxlavanın ləpəsi də Vəzirovun qozundan.

Şahin Sirvanlı

Bunu paylaş: