İşğal altında olan torpaqlar azad edilənə qədər hər il “Xocalı ili” olmalıdır!!!

 

Bəlkə “Xocalı ili”?!

Mənim düşüncəmə görə “Xocalı ili” daha məntiqəuyğundur.

Bəziləri 2019-cu ildə Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar simulativ görüntüləri xatırlada bilər. Amma kompaniya xarakteri daşıyan bu çabalar zamanında sezonal məna kəsb edirdi. Və özlüyündə Xocalı faciəsinin qiymətləndirilməsi və cinayətin cəzasız qalmaması baxımından, habelə onun dəhşətlərini kompensasiya etmək və bağrı qan insanların dərd-qübarına, sitəminə məlhəm olmaq nöqteyi-nəzərindən heç bir inamlı addımla yadda qalmamışdır…

Münaqişənin adı “Dağlıq Qarabağdır”. Artıq 34-cü ildir ki, münaqişə tərəflərindən beynəlxalq təsisatlara qədər hamı məlum münaqişəni bu adla tanıyr. Bizim davamız bir Şuşa davası deyildi ki!!! Şuşa Dağlıq Qarabağ savaşının bir tərkib hissəsidir, onun ətrafında eybəcər şəkildə imitasiya etmək Azərbaycanın bu dilbər guşəsini günü-gündən gözdən salmağa, onu adiləşdirməyə doğru aparır. Şuşanın aşağısında Xankəndi, ondan bir qədər aşağıda isə Xocalı da var. Əldə etdiyimiz Şuşa bir mənbə vasitəsilə ifrat dərəcədə təbliğ olunur. Halbu ki, əldə etmədiklərimizi bu cür təbliğ etməliyik. Nə mane olur, kim mane olur? Hansı qüvvə(lər) hələ də işğal altında qalan torpaqlarımızın adını çəkməyi bizə yasaq edib? Mane olan(lar) var. Olmasaydı onların adlarını niyə dilimizə gətirə bilmirdik ki?!
Niyə 2022-ci ili “Xocalı ili” elan etmirdik ki?!

Rusiya Azərbaycanın mərkəzində oturub bütün ölkənin ictimai-siyasi, hərbi, iqtisadi, təhsil və hətta sosial və s. problemlərini də yönləndirir. Günü-gündən üstümüzdə nəzarəti və dominionluğu artmaqdadır…
Bu vəziyyət isə hakim elitadan başqa Azərbaycanda heç kimi razı salmır. Rusiyanın protektorantlığı altında mövcud hakimiyyətin hifz olunması hazırda ən mühüm prioritet məsələyə çevrilmişdir. Azad olunan torpaqların müqabilində Rusiyanın yenidən Azərbaycana qoşun yeridəcəyi ilə bağlı irəli sürdüyü şərt yerli hakimiyyəti məmnun etməyə bilməzdi. Rus işğalçı “sülhməramlıları”nın kimin müqəddəratını həll etdiyi və kimin taleyində hansı rolu oynadığı bir müddət sonra bilinəcək… Onların münaqişə tərəflərinin fəaliyyətinə nəzarət etmək, yoxsa yerli siyasi hakimiyyət vasitəsilə özlərinin yaratdıqları rejimi qorunub saxlamaq məqsədi güddükləri hamımıza bəyan olacaq.

Mətləbdən çox da uzaqlaşmaq istəmirəm. Amma xaotik vəziyyət adamı buna vadar edir. Rusiya suyu yenə elə bulandırıb ki, hansı problemdən danışırsansa kələfin ucu bizi aparıb Qarabağa çıxarır.
Sözümün canı odur ki, həftə səkkiz mən doqquz prezidentin ailəsi ilə Şuşaya səfərləri ictimaiyyətdə guya bütün Dağlıq Qarabağın işğaldan azad olunması barədə fikir yaratmaq üçün bir o qədər də uğurlu siyasət hesab oluna bilməz. Bu Rusiyanın dəyirmanına su tökmək cəhdidir.

İşğal altında olan torpaqlar azad edilənə qədər hər il “Xocalı ili” olmalıdır!!!

Elnur Xəlilov.

Bunu paylaş:

Bir cavab yazın