İşğalçı qoşunlar Qarabağdan çıxarılmalıdır

İndi dünyada, regionda, o cümlədən ölkəmizdə tarixi, siyasi və fizioloji hadisələr sürətlə cərəyan edir. Bir ildən artıqdır ki, planetimizdə insanlar ölkələri bürümüş, hər gün yüzlərlə adamın canına qəsd edən pandemiya ilə – koronavirusla mübarizə aparır.
Ayrı-ayrı xalqların tarixində gözlənilməz hadisələr baş verir. Dövlətlər bir-birilə müharibə edir, xalqlar əziyyət çəkir.
Xeyirlə Şər arasında mübarizə davam edir. Bəzi xalqlar itirilmiş tarixi ərazilərini geri qaytarmağa, bəziləri də başqalarına məxsus torpaqları zəbt edərək özünə dövlət qurmağa çalışır.
Son yüz ildə dünyanın ən güclü və uzun ömürlü dövləti olan “Osmanlı imperiyası” da tarixə qovuşdu. Bütün cahanı “kommunizm” kabusu ilə həyəcanda saxlayan nəhəng SSRİ də dağıldı. Xalqların bir çoxu azadlığa çıxdı, müstəqil dövlətlərində yaşayıb inkişaf etmək istəyirlər.
Lakin, Rus imperiyası Rus Federasiyası adı altında nisbətən kiçik olan dinc millətlərin sərvətlərini istismar etməklə məşğuldurlar. Dünyanın az qala altıda bir hissəsinə nəzarət edən Rusiya dövləti tabeçiliyi altında olan ərazilərdə iqtisadiyyatı inkişaf etdirib, əhalisinə xoşbəxt həyat təmin etmək əvəzinə, başqa xalqların ölkələrinə hərbi müdaxilələr edir. Silahlar işə düşür, minlərlə dinc insan ölür, yaralanır, şikəst olur, evsiz qalır, “qaçqın” statusunda yaşamağa məhkum olunur.
Nəticə etibarilə həyatları cəhənnəmə dönmüş milyonlarla insan ruslara nifrət edir. Təbii ki, bu hadisələrin səbəbkarı, günahı sadə rus millətində deyil, şovinist siyasət adamlarındadır.
Faciələr yaşamış məsum xalqlara qarşı mərhumiyyətlər törədən cinayətkarları unutmaq asan deyil.
20 yanvar 1990-cı ilin Bakı qırğınını; 20 noyabr 1991-ci ildə Qarabağın Xocavənd rayonunun Qarakənd səmasında rusların himayə etdiyi ermənilər tərəfindən partladılan “Mi-8” vertolyotunda Azərbaycanın dövlət və ictimai xadimləri: Dövlət katibi – Tofiq İsmayılov, Baş prokuror – İsmət Qayıbov, Daxili İşlər Naziri – Məhəmməd Əsədov, Baş Nazirin müavini – Zülfü Hacıyev, Prezident aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikasının Daxili İşlər nazirinin müavini – Saylau Serikov, Millət vəkilləri – Vaqif Cəfərov, Vəli Məmmədov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti – Alı Mustafayev də olmaqla ümumilikdə ölən 22 nəfəri unutmaq olarmı. . . ?


Bəs 26 fevral 1992-ci ildə başları soyulmuş körpə və yaşlı azərbaycanlıların faciəsi yaddan çıxarmı. . . ?
Ruslar təkcə bizim yox, başqa xalqların da başlarına bəla olub.
Məsələn, 10 aprel 2010-cu il tarixində Polşa dövlətinin rəsmi şəxsləri: Prezident Lex Kaçiniski, onun həyat yoldaşı Maria da daxil olmaqla 132 nəfər Rusiyanın qərbində Smolenski şəhərində yerə enərkən qəzaya uğramış “Tu-154” təyyarəsində həlak oldular.
Polşa nümayəndə heyəti və prezident Lex Kaçinski totalitar repressiya qurbanlarının dəfn olunduğu beynəlxalq memorial kompleksin yerləşdiyi Katın qəbiristanlığını ziyarət etmək istəyirmiş. Ölənlər arasında Polşa prezidenti və həyat yoldaşından başqa Baş Qərargah rəisi – Frantişek Qonqor, eks prezident – Rişard Kaçorovski, Polşa Milli Yaddaş İnstitunun prezidenti Yanuş Kurtuka, Polşa Ordusu diviziyasının yepiskopu – general Tadeuş Ploski, provoslav ordu yepiskopu və briqada generalı – Miron Çodakovski, Milli Bankın sədri – Slavomir Skişipek digər rəsmi şəxslər və ictimai xadimlər də var idi.


Bütün bu baş verənlər təsadüfdür yoxsa dövlət səviyyəsində qəsdən törədilən terror aktları? Yəqin ki, siyasətdən az-çox anlayan hər kəs yaxşı başa düşür ki, bu hadisələr qabaqcadan planlaşdırılmış ssenarilər üzrə baş verib və imperialist düşüncəli siyasi “rejissorların” çirkin – antiinsani “əməyinin” təzahürüdür.
Şovinist Rus dövlət adamları dayanmaq bilmir. Millətləri bir-birilə vuruşdurur, hər iki tərəfə dostunuz bizik deyir. Hər iki tərəfə silah satıb varlanır. Başqa xalqların faciəsi üzərində öz meşşan-firavan həyatlarını təmin etməkdən zövq alırlar. Elə bu səbəbdən onlar (ruslar) şanlı generallarımız, zabitlərimiz və qəhrəman əsgərlərimizin işğalçı Ermənistan ordusu üzərində tam qələbə çalmasına imkan vermədilər. Heç bir beynəlxalq hüquq tanımayan işğalçı olduqlarını bir daha nümayiş etdirdilər. Dövlətimizin başçısına siyasi cəhətdən təzyiq edərək müharibəni qəflətən dayandırdılar. 10 noyabrda gecəyarısı “sülhməramlı”lar adı altında öz hərbi qüvvələrini Dağlıq Qarabağa və Xankəndi ilə Ermənistanı birləşdirən 60-70 km uzunluğunda, 5 (beş) km enində olan Laçın dəhlizində yerləşdirdilər. Faktiki olaraq bu əraziləri işğal etdilər.
10 noyabr bəyannaməsinə görə rəsmi olaraq müharibə dayandırılıb. Reallıq isə ondan ibarətdir ki, sənəddə – razılaşmada 1960 nəfər göstərilsə də “sülhməramlı”ların sayı gündən-günə artırılır.
Rusiya Federasiyası Müdafiə Naziri Sergey Şoyqu Dağlıq Qarabağa ən azı 10 (on) min nəfərdən çox hərbiçi yerləşdirmək istəyir. Durmadan Ermənistandan qaçqın adı ilə erməniləri daşıyıb, Xankəndində və rus əsgərlərinin nəzarət etdiyi ərazilərdə məskunlaşdırırlar. Bu himayəyə güvənən ermənilər fürsət düşən kimi əsgərlərimizə və mülki insanlarımıza silahlı hücumlar təşkil edirlər. Nəticədə tez-tez ölən və yaralananlarımız olur. Qalib gəlmiş ordumuzun müharibədən sonra şəhid verməsi yolverilməzdir. Rus işğalçı qoşunları Qarabağdan dərhal və təcili çıxarılmalıdır. Əks halda faciələrimiz davam edəcək.

Müəllif: Qəvami Sadıqbəyli
Jurnalist-politoloq

8 yanvar 2021-ci il.

Bunu paylaş: